Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***




Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlər barədə məlumat verib.
Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.
Hoteldə 50 nəfər işlə təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür.
Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.
*****
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


*****
Prezident İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına istehsal müəssisəsi barədə məlumat verildi.Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.Ümumilikdə burada 800 iş yeri yaradılacaq.
Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.