Prezident Yardımlıya səfər edib -YENİLƏNİB

YARDİMLİ

İlham Əliyev Yardımlı rayonuna gəlmişdir

Prezident İlham Əliyev Yardımlı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.


 

İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzdə 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılmışdır. Burada Ümummilli Liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilmişdir.

Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunmuşdur. Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılmışdır. Bundan başqa, Mərkəzdə 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcəkdir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.

 


 

İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir

Prezident İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, parkda istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Son illərdə Yardımlıda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışan dövlətimizin başçısı hələ 7 il əvvəl Masallı-Yardımlı yolunun əsaslı təmir olunmasının, təbii qaz xəttinin çəkilməsinin və digər tədbirlərin həyata keçirilməsinin rayonun inkişafına təkan verdiyini vurğuladı. Hazırda dağ kəndlərinə qaz xətlərinin çəkilməsinin, yolların abadlaşdırılmasının, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılmasının ölkənin inkişaf dinamikasına uyğun aparıldığını deyən dövlətimizin başçısı rayon mərkəzinə yeni su xəttinin çəkilişini əlamətdar hadisə kimi dəyərləndirdi və bu münasibətlə sakinləri təbrik etdi.

Rayon sakini Feyruz Sultanov Yardımlıya göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verən “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.

 


İlham Əliyev Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır.

Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.


 

İlham Əliyev yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.