Prezidentin əsasnaməsini təsdiqlədiyi komissiya nə iş görəcək?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnaməni təsdiqləyən fərman imzalayıb. Bəs bu komissiya nə iş görəcək?

Xalq.az xəbər verir ki, Komissiyanın əsas işi ölkədə informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsidir.

Komissiyanın əsas fəaliyyəti aşağıdakılar olacaq:

– Əvvəlcə ölkənin informasiya təhlükəsizliyinə təhdidləri qiymətləndirəcək;

– Təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, təsirləri və vura biləcəyi zərər ilə bağlı mütəmadi təhlillər aparacaq;

– Mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək, birgə tədbirlər planlaşdıracaq və onların həyata keçirilməsini təmin edəcək;

– Müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiq olunması sahəsində əlaqələndirmə işlərini təşkil edəcək.

Komissiyanın vəzifələrindən biri internet informasiya ehtiyatlarında Azərbaycanın milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyini müəyyən etmək və bu barədə müvafiq qurumları dərhal məlumatlandırmaqdır.

Komissiya dövlət qurumlarının, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan proqram təminatının və antivirus proqramlarının yaradılması layihələrini əlaqələndirməlidir, onların təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil etməlidir, habelə açıq kodlu proqram təminatından istifadə imkanlarına baxmalıdır.

İnternet informasiya məkanında Azərbaycanın milli maraqları əleyhinə təbliğat və dezinformasiya xarakterli məlumatlar yayıldıqda, Komissiya hərəkətə keçməli, müvafiq əks-tədbirlərin görülməsi ilə bağlı işlər görməlidir.

Sözügedən komissiya aşağıdakı şəxləri işə cəlb edəcək:

– elmi tədqiqat, təcrübi-mühəndis, texniki ekspertiza, məsləhət xidmətləri və təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış hüquqi şəxsləri;

– elmi tədqiqat və təhsil müəssisələrini;

– qeyri-hökumət təşkilatlarını;

– kütləvi informasiya vasitələrini;

– müstəqil ekspertləri;

– mütəxəssisləri.

Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılacaq. Katibliyin funksiyalarını Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi həyata keçirəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.