“Prezidentin apardığı siyasət xalqa yönəlik siyasətdir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Azərbaycan dövləti sosialyönümlü bir dövlətdir. Cənab Prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin. Yəni, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilsin. Bu hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib”.

XALQ.AZ xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, 2019-cu il isə Azərbaycan dövlətçiliyi tarixində sosial rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb və belədə qalacaqdır: “Məhz bu il ərzində ölkə başçısı tərəfindən iki sosial müdafiə paketi imzalandı. Təxminən 30-a yaxın fərman və sərəncamlar oldu ki, bunlar da əhalimizin sosial rifah halının tam yüksəltməsinə səbəb oldu. Bu fərman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artdı, banklarda olanların problemli kreditləri öz həllini tapdı və s. Bu fərman və sərəncamların içərisində xüsusi yer tutan bir fərman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab Prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki fərman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Yəni, bu rəqəm 50 manat məbləğində artdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı ki, bu da dövlətçilik tariximizdə bir ilkdir. Bu artım sahəsində minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında köhnə post-sovet ölkələri arasında ikinci yerə yüksəlmiş oldu. Bu fərmanın nəticəsində təkcə bücdə təşkilatında deyil, eyni zamanda özəl sektorda çalışan vətəndaşlarımızın da əməkhaqqları artırılmış oldu. Artıq senytabrın 1-dən bu fərman qüvvəyə minib. İnsanlarımız verilən bu qərardan razıdırlar. Biz seçicilərimizlə görüşdə də onlar cənab Prezidentə minnətdarlıqlarını bildirirlər. Bütövlükdə ölkə başçısının apardığı bu siyasət xalqa yönəlik siyasətdir və xalqın sosial müdafiəsinin daim qayğısına qalan bir siyasətdir”.