“Prezidentin bu qərarı bütün Türk dünyası üçün bir örnəkdir”

Cənab Prezident Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Cənab Prezidentə bütün azərbaycanlılar və bütün Türk dünyası adından bu gözəl addımına görə çox təşəkkür edirik. Millət vəkili həmkarım Fazil Mustafa ilə bir neçə dəfə çıxışlarımızda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi ilə bağlı  addımların atılmasına ehtiyac olduğunu bildirmişdik. Cənab Prezidentə bu tarixi Sərəncamından dolayı bir daha təşəkkürümü bildirirəm. Qardaş Türkiyənin paytaxtı Ankarada Əhməd bəy Ağaoğlunun adına küçə vardı, lakin müəyyən siyasi proseslərdən sonra bu küçədən adı götürülmüşdür. Biz də  qardaş Türkiyənin rəsmiləri, millət vəkilləri ilə görüşdə bir neçə dəfə Ankaranın mərkəzi küçələrindən birinə təkrar Əhməd bəy Ağaoğlunun adının verilməsi xahişini səsləndirmişdik.   İnanırıq ki, cənab Prezidentin bu addımı yalnız azərbaycanlılara deyil, bütün Türk dünyasına bir mesaj olacaq və qardaş Türkiyənin paytaxtı Ankarada mərkəzi küçələrdən birinə Əhməd bəy Ağaoğlunun adının verilməsi ilə bağlı addımlar atılacaq. Tək Azərbaycanda deyil, qardaş Türkiyədə də Əhməd bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Çünki Əhməd bəy Ağaoğlu sözün əsl mənasında buna layiq şəxsiyyətlərimizdən biridir. Nur içində yatsın. Real TV-yə və onun dəyərli jurnalisti Ləman Ələşrəfqızına təşəkkür edirik ki, 2 ay bundan əvvəl Əhməd bəy Ağaoğlu barədə film çəkilişi təklifimizi qəbul etdilər və mart ayında İstanbulun Feriköy məzarlığında çəkilişlər oldu. Mən və Türkiyənin bir sıra tanınmış ziyalıları da Əhməd bəy Ağaoğlu barədə öz fikirlərini və düşüncələrini bölüşdülər. Əhməd bəy Ağaoğlu, ailəsi və qızı Sürəyya Ağaoğlu barədə gərəkli çəkilişlər oldu. İnşallah yaxın zamanlarda gənclərimiz Real TV-də Ləman xanımın təqdimatında Əhməd bəy Ağaoğlu haqqında filmi izləmək imkanına malik olacaqlar. Real TV-yə və Ləman xanıma bir daha təşəkkürümü bildirirəm. Gənclərimizi isə Əhməd bəy Ağaoğlunu dərindən öyrənməyə çağırırıq. İstanbula etdiyim hər səfərdə İstanbulda Feriköy məzarlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, o cümlədən Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edirəm. İstanbula yolu düşən hər kəsi Cümhuriyyət qurucularımızın məzarları olan Feriköy məzarlığını ziyarət etməyə, öz ehtiramlarını göstərməyə çağırıram.

 

 

Orxan