Prezidentin Fərmanı ilə hərbi vəziyyət elan olundu

“Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.


H.Hacıyev qeyd edib ki, erməni təxribatını nəzərə alaraq Azərbaycanda 28 sentyabr 2020-ci il tarixdən hərbi vəziyyət elan edilir.

Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki, 2020-ci il 28 sentyabr saat 00. 00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin.

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant vəziyyəti elan edilib.

Komendant saatı dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan küçəyə çıxması qadağan edilir.

Nəqliyyat vasitələrinin hərəkəti  üçün xüsusi tədbirlər görüləcək.

Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görəcək. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya, qanunlara uyğun olaraq tətbiq ediləcək.