Prezidentin gənclərə inamını doğruldacayıq

seymur_yap

SİA Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovunun müsahibəsini təqdim edir.

  • Seymur müəllim, sədrlik etdiyiniz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

  • Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur. Bizim Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq məqsədimiz Partiyamızın sədri Prezident cənab İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, Partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın 600 mindən artıq üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi bizim gördüyümüz işlərin keyfiyyətindən xəbər verir. Bir sıra bayramlarda YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyi və onun yerli qurumları sosial aksiyalar həyata keçirirlər. Onu da qeyd edim ki, gənclərin inkişafı istiqamətində uğurlu bir layihə saylan yay və qış məktəbləri reallaşıb. Bu məktəblərdə ölkəmizin fərqli bölgələrindən yüzlərlə gənclər iştirak edib. Biz bu layihəni 2007-ci ildən həyata keçiririk. Builki tədbir isə iştirakçıların say çoxluğu baxımından ötən ilkilərdən fərqləndi. Gənclərimiz “Yay məktəbləri”də 4 qrup halında iştirak ediblər. Masallı və Oğuz rayonlarında reallaşan “Yay məktəbləri” çərçivəsində gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-biri ilə təmas, münasibət qurdular, eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olundu. Eyni zamanda, “Yay məktəbləri”ndə partiyamızı təmsil edən deputatlar, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olub. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər, gəncləri maraqlandıran suallara cavab veriblər. Hesab edirəm ki, “Yay məktəbləri” gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihə olub. YAP Gənclər Birliyi bu gün gənclərin ideyalarının reallaşdırılması baxımından da ideal bir məkana çevrilib. Bizə öz layihələrini təqdim edən gənclər onları reallaşdırmaq üçün bütün mümkün imkanlarla təmin edilir. Onlar üçün hər cür şərait yaradılır. Layihələr təkcə paytaxtı deyil, regionları da əhatə edir. Belə ki, biz mütəmadi olaraq regionlara səfərlər edir, orada gənclərlə müxtəlif mövzularda görüşlər keçiririk. Əsas məqsədimiz isə gənclərimizə ölkəmizdə görülən işlərlə bağlı geniş məlumatlar vermək, Yeni Azərbaycan Partiyasının ideya və məqsədlərini onlarla paylaşmaqdır.

Keçirilən hər bir tədbirdən, görüşdən sonra Partiyamızın Gənclər Birliyinə üzv olan gənclərin sayı daha da artır. Hazırda üzvlərimizin sayı 200 mindən çoxdur.

  • YAP Gənclər Birliyi ətrafında birləşən gənclərin siyasi maarifləndirilməsi, dövlət siyasəti ilə bağlı mütəmadi məlumatlandırılması üçün hansı işləri görürsünüz?

  • YAP Gənclər Birliyi öz fəaliyyətini əsasən Partiyamızın Nizamnamə və Proqramına uyğun şəkildə qurur. Təbii ki, burada da bizim əsas işimiz dövlət siyasəti ilə bağlı gənclərimizin maarifləndirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq fəlsəfəsinə bağlı yetişməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə həm paytaxtda, həm də regionlarda müxtəlif səpkili layihələr həyata keçirilir.

Maarifləndirici tədbirlərimiz bir neçə istiqamətə bölünür – Azərbaycançılıq fəlsəfəsinin, Heydər Əliyev irsinin təbliği, Prezident cənab İlham Əliyevin fəaliyyətinin öyrənilməsi, erməni cinayətlərinin ifşası, gənclərin sosial maarifləndirlilməsi və sair. Bu istiqamətlərin hər biri üzrə mütəmadi olaraq Gənclər Birliyi ofisində tədbirlər təşkil edilir, dövlət rəsmiləri, elm adamları ilə gənclərin görüşləri keçirilir. Bundan əlavə gənclərin öz təşəbbüsləri ilə rayonlarımızın işğal günlərində, Xocalı faciəsi ilə əlaqədar olaraq hər il fevral ayı ərzində sosial şəbəkələrdə virtual aksiyalar keçirilir, müxtəlif beynəlxalq təşkilatlara, dövlətlərin parlamentlərinə erməni cinayətləri ilə bağlı məktublar göndərilir. Gənclərimizin ideya-siyasi tərbiyəsində Partiyamızın rəhbər orqanlarında təmsil olunan insanların, həmçinin müxtəlif Nazirliklərdə fəaliyyət göstərən şəxslərin təcrübələrindən də geniş istifadə edilir. Bunun üçün mütəmadi olaraq görüşlər təşkil olunur.

  • YAP Gənclər Birliyi həm ölkə daxilində, həm də Partiyanın beynəlxalq əlaqələrində aktiv iştirakçıdır. Beynəlxalq əlaqələrinizin hazırkı istiqamətləri ilə bağlı fikirlərinizi öyrənək.

  • YAP Gənclər Birliyi Partiyanın beynəlxalq əlaqələrinin qurulmasında da çox yaxından iştirak edir. Partiya rəhbərliyinin bizə olan etimadı nəticəsində biz Gənclər Birliyi olaraq bu gün Avropa Xalqlar Partiyası, Asiya Ölkələrinin Siyasi Partiyaları Komitəsi, Türkiyənin, Qazaxıstanın, Rumıniyanın və bir sıra digər dövlətlərin hakim siyasi partiyaları ilə sıx əlaqələr qururuq. Bir müddət bundan öncə Asiya Ölkələri Siyasi Partiyalarının Gənclik Qollarının ikinci toplantısı Bakıda keçirilib. Toplantıda çox önəmli məsələlər müzakirə edilib, Bakı bəyannaməsi qəbul olunub. Ölkəmizdə Gənc Siyasətçilər Forumunda iştirak edən Avropa ölkələri gəncləri ilə YAP Gənclər Birliyi arasında görüş keçirilib, ölkəmizdəki siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin bu gün YAP Gənclər Birliyi Konrad Adenauer Fondunun ölkəmizdə, Almaniyada və Gürcüstanda keçirdiyi yay universitetlərində, təlimlərdə aktiv şəkildə iştirak edir. Beynəlxalq əlaqələrimizin daha da inkişafı üçün bu gün bir sıra Avropa dövlətlərinin iqtidar partiyaları ilə də gələcək əməkdaşlıqla bağlı yazışmalar aparılır. İnanırıq ki, bu yazışmalar gələcəkdə Partiyamız və ölkəmiz adına bizə yeni uğurlar qazandıracaq.

  • Ölkəmiz bu gün taleyüklü məsələlərdən olan Prezident seçkiləri ərəfəsindədir. Prezidentin sədrlik etdiyi Partiyanın Gənclər Birliyi olaraq dövlət gənclər siyasətini necə dəyərləndirirsiniz və bu seçkiyə necə hazırlaşırsınız?

  • Aparılan təhlillər, hətta ölkəmizdə müxtəlif sorğular keçirən beynəlxalq təşkilatlar da seçki öncəsi vəziyyətin çox yaxşı olduğunu deməyə əsas verir. Bizi sevindirən ən böyük faktorlardan biri də ondan ibarətdir ki, bu seçkilərdə seçkiöncəsi böyük üstünlük bizlərin, xalqımızın namizədi cənab İlham Əliyevin tərəfindədir. Bunun kifayət qədər əsasları da vardır. Ən azından çevrilib arxaya baxdıqda 10 il ərzində görülən işlər cənab Prezidentə bu haqqı qazandırır. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda, Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər Respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bilirsiniz ki, Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Xatırladım ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Proqramın tələblərinə uyğun olaraq bu istiqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb.

Eyni zamanda cənab Prezidentin qərarı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin ifadəsidir. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb. Prezident İlham Əliyevin gənclərlə görüşlərini isə Azərbaycan gəncliyinin həyatında yeni bir mərhələnin başlanğıcı hesab etmək olar. Bilirsiniz ki, cənab Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq edib. Dövlət proqramında gəncləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Hazırda proqram uğurla icra edilməkdədir.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin gəncliyimizə olan diqqət və qayğısının parlaq göstəricisidir. Təbii ki, 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycan gəncliyi öz seçimini edib: gənclik bu seçkilərdə də Azərbaycanın inkişafına, gələcəyinə və böyük uğurlarına səs verəcək.

  • Seymur müəllim, YAP Gənclər Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə çıxış edir. Bu seçkilərdə də yeni layihələriniz olacaqmı?

  • Əlbəttə, bizim prezident seçkiləri ilə əlaqədar müəyyən layihələrimiz var. YAP Gənclər Birliyi olaraq bu layihələri əsasən təbliğat-təşviqat prosesində həyata keçirəcəyik. Amma bütövlükdə, təşkilatımız ardıcıl olaraq cəmiyyətə maraqlı layihələr təqdim edir. Müasir dövrümüzdə İKT-nin əhəmiyyətini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri daima sosial şəbəkələrdə fəal olmağa çalışır. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bir sözlə, YAP Gənclər Birliyi öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır. Yuxarıda qeyd etdiyim kimi, seçki kampaniyasının təşviqat dövründə isə yeni layihələrimizi təqdim edəcəyik. Biz bu layihələrə, ən yeni təbliğat üsullarına çox ciddi hazırlaşmışıq.

Əminəm ki, bu seçkilərdə biz Prezidentimiz cənab İlham Əliyevin gənclərə olan inamını doğruldacayıq.