Prezidentin ipoteka ilə bağlı Fərmanı

 

prezi

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qüvvədə olan qaydaya əsasən güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).
Dəyişikliyə görə, bundan sonra güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).
Qaydaya əsasən indiyə qədər ipoteka krediti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Dəyişikliyə görə, bundan sonra üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına veriləcək.
Buna qədər kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilib.
Dəyişikliyə əsasən, bundan sonra kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.