Prezidentin mətbuata böyük dəstəyi var

 

7

Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilir.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, jurnalistlər Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” seçərkən təkcə onun mətbuata qayğısını nəzərə almayıblar, həmçinin dövlət başçısının xarici və daxili siyasətinin uğurunu qiymətləndiriblər.

Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlər səsləndirdi: “Dövlət başçısı görüşdə demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirdi. Media nümayəndələrinin sosial problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı. Prezident qeyd etdi ki, jurnalistlər ümumilli mənafeyə xidmət etməli, xarici təsirin altına düşməməlidir”.

Ə.Amaşovun sözlərinə görə, bugünki görüşdə dövlət başçısının səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti ayrı-seçkilik qoymadan mediaya yardım göstərir və müstəqil medianın inkişafında maraqlıdır.

Ə.Amaşov, həmçinin görüşə bəzi KİV nümayəndələrinin dəvət edilməməsi ilə bağlı məsələyə də münasibətini açıqladı. Onun sözlərinə görə, görüşün formatı elə idi ki, ancaq medianın birinci şəxsləri iştirak etməliydi. Bəzi media orqanlarının birinci şəxsləri Azərbaycanda olmadıqları üçün görüşdə iştirak edə bilməyiblər: “Burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mətbuat nümayəndələri ilə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır.

Onun sözlərinə görə, görüşdə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırdı. Bildirdi ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir.

V.Səfərli, həmçinin bildirib ki, Prezident görüşdə mətbuatın yayımı məsələsində yaranan problemin yaxın zamanlarda aradan qaldırılacağını vurğuladı.

V.Səfərli bildirib ki, Prezidentin son illər mediaya göstərdiyi xidmətin bariz göstəricisidir ki, iki dəfə “Jurnalistlərin dostu” seçilib.

 

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatın”a layiq görülməsi tamamilə reallığı əks etdirən möhtəşəm hadisədir.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün çoxvektorlu fəaliyyət ortaya qoyub: “Cənab Prezidentin həm qanunvericilik səviyyəsində, həm də maddi-texniki bazanın təkmilləşdirilməsi baxımından medianın tərəqqisinə tarixi hadisə sayılacaq töhfələr verib. KİV-lərin inkişafına dəstək verəcək Konsepsiyanın qəbul edilməsi, Fondun yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi bu qismdən sayıla bilər. Eyni zamanda, Azərbaycan Prezidenti dünya ölkələri üçün nümunə ola biləcək addım ataraq, media nümayəndələrinin mənzillə təmin edilməsini reallaşdırdı. Yəni, dövlətimizin başçısının mətbuatımızın inkişafı üçün atdığı addımlar dünya mətbuat tarixi üçün bir presedentdir”.

B.Quliyev söyləyib ki, ölkəmizdə söz, ifadə və mətbuat azadlığı, internetdən istifadə mütəşəkkilliyi tam şəkildə təmin edilib: “Bu mənada, əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.

1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.

Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib.