Prezidentin ötən ilə verdiyi qiymət və qarşıya qoyduğu vəzifələr –

XALQ.AZ  APA -ya istnadən , verilən məlumata gore bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov söyləyib.

V. Bayramov qeyd edib ki, 2014-cü ildən etibarən neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyə başlayıb və 2017-ci ildə iqtisadi sabitliyin əldə edilməsi ötən il üçün əsas prioritetlərdən biri olub: “2015 və 2016-cı illərdən manatın dəyər itirməsi nəticə etibarilə makroiqtisadi sabitliyə də təsir göstərib. 2017-ci ildə bu kontekstdə stabilləşmənin əldə olunması, xüsusən xərclərin optimallaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, milli valyutanın məzənnəsinin qorunub saxlanılması çox vacib idi. Manatın məzənnəsinin fevraldan etibarən stabil qalması makroiqtisadi sabitlik üçün bir zəmin formalaşdırdı. Milli valyutanın məzənnəsindəki sabitlik həm investisiyanın cəlb edilməsi, ixrac-idxal əməliyyatlarında müsbət saldonun formalaşası, dövlətin valyuta ehtiyatlarının artırılması əsas meyarlardan biridir. Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun əldə edilməsi vacib məqamlardan biridir. Bu, ölkəyə daxil olan valyutanın həcminin optimallaşdırılması və artırılması üçün çox vacib idi. 2017-ci ildə Azərbaycanın ixracı idxalı 6,2 milyard dollar üstələdi. Bu da ölkəyə daxil olan valyutanın həcminin çoxalması deməkdir. Makroiqtisadi sabitlik ilk növbədə ölkəyə valyutanın daxil olmasını tələb edir. Bu kontekstdə idxalın azaldılması, bir çox sahələrdə idxalın yerli istehsalla əvəzlənməsi nəticə etibarı ilə 2017-ci ildə idxalda potensial artımların qarşısını aldı. Bu da ölkədən valyuta çıxışının optimallaşdırılması baxımından çox vacib idi”.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri qeyri-neft sektorunda qeyri-neft ixracında 24 faiz artımın qeydə alınması və neftin qiymətinin proqnozlaşdırılandan daha çox olmasının Azərbaycan ixracatının da artmasına səbəb olduğuna diqqət çəkib: “Nəticədə dəyər ifadəsi ilə neft ixracatı artdı, digər tərəfdən, qeyri-neft ixracatında 24 faiz artım qeydə alınıb. Bu da ölkəyə daxil olan valyutanın həcminin artması üçün çox vacib idi. İkinci məqam ölkənin strateji valyuta ehtiyatları ilə bağlı idi. MDB ölkələri strateji valyuta ehtiyatlarının qorunub saxlanması məsələsində çox həssasdır. Azərbaycanda strateji valyuta ehtiyatlarının qorunması ilə bağlı çətinliklər 2015 və 2016-cı illərdə müşahidə olunub. 2017-ci ildə strateji valyuta ehtiyatları, eyni zamanda Mərkəzi Bankın xarici valyuta ehtiyatları artdı. Bu, çox vacibdir, çünki neftin qiymətinin növbəti mərhələlərdə necə olacağını proqnozlaşdırmaq çox çətindir. Bu məsələdə siyasi amillər var. Bu baxımdan 2017-ci ildə strateji valyuta ehtiyatlarının artırılması prioritet idi. Düşünürəm ki, bu prioritetə nail olmaq mümkün oldu”.

 

V. Bayramov 2017-ci ildə əldə edilən makroiqtisadi sabitliyin həm də 2018-ci il üçün vacib olduğunu vurğulayıb: “2018-ci il son illərin bəlkə də yeganə illərindən biridir ki, nəinki Azərbaycan hökuməti, həm də beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatında artımlar olacağını proqnozlaşdırır. Bu il iqtisadiyyatda 2 faiz artım proqnozlaşdırılır. Güman edilir ki, 2018-ci ildə xüsusən də büdcə xərclərinin 3 milyard manata qədər artırılması iqtisadiyyatın real sektorunda, xüsusən də inşaat sektorunda canlanmanın yaranmasına gətirib çıxaracaq. 2018-ci ilin real sektor üçün 2017-ci ilə müqayisədə daha uğurlu, yaxşı olacağı gözlənilir. Eləcə də bu il monetar siyasətin, xüsusən manatın məzənnəsinin stabilliyinin davam etdirilməsi vacibdir. Mərkəzi Bank birmənalı şəkildə manatın məzənnəsini qoruyub saxlamağa çalışmalıdır. Bu, qeyri-neft sektorunda inkişafa təsir göstərəcək və nəticədə bu, bir sıra sektorlarda canlanmanın yaranmasına gətirib çıxara bilər. Buna görə də beynəlxalq maliyyə qurumları da 2018-ci ildə Azərbaycan iqtisadiyyatının böyüyəcəyini proqnozlaşdırırlar”.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini çox yüksək qiymətləndirib. Onun sözlərinə görə,  Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir: “Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də bu ittifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyətiolmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiyanın subyekti kimi hüquqi status qazana bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Milli Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. “Azərbaycan Xalq Cümhuriyyəti ili”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də məhz bu məqsədə xidmət edir”.

 

Prezident İlham Əliyevin çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu APA-ya açıqlamasında deyib ki, 1990-cı illərdə Azərbaycan ətrafında informasiya blokadası olub: “Baxmayaraq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, Ermənistan özünü məzlum tərəf kimi göstərib, erməni lobbisinin də dəstəyi ilə Qərbdə müdafiə olunurdu. Hətta ABŞ Konqresi Azərbaycan əleyhinə 907-ci düzəliş də qəbul etmişdi. İndi vəziyyət dəyişib, Azərbaycan informasiya blokadasını yara bilib. Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycana dəstək artıb. Prezidentin də qeyd etdiyi kimi, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib. Ümumiyyətlə, qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulanıb. Bu mənada Azərbaycanın Qərbdə özünü tanıtması, Qarabağ məsələsində dəstək qazanmasında elə bir ciddi problemlə üzləşmir. Prezident də qeyd etdi ki, Avropanın özündə də artıq separatizm meylləri baş qaldırıb. Bu, İspaniyada, Belçikada da özünü göstərir. Bütün bunlar ondan xəbər verir ki, Avropa özü də separatizmin əleyhinə çıxır və bu mənada Azərbaycanı daha yaxşı anlamağa başlayıblar. Düzdür, danışıqlar indi real nəticə vermir, böyük dövlətlər Azərbaycanın münaqişəni hərbi yolla həll etməsinə də mane olurlar. Amma Azərbaycan Ermənistana qarşı yorucu müharibəni davam etdirir, cəbhə bölgəsində itkilər artır. Bu da ona gətirib çıxarır ki, Ermənistanda sosial-iqtisadi vəziyyət ağırlaşır, insanlar ölkəni tərk edir və Dağlıq Qarabağda hərbi xidmət keçmək istəmirlər. Bunun özü də Azərbaycanın Ermənistanla mübarizədə müəyyən uğurlarından xəbər verir. 2017-ci ildə bu konsepsiya, yorucu müharibə davam etdi. Düşünürəm ki, gələcək illərdə Azərbaycan bu siyasəti davam etdirəcək”.

Rəsul