Prezidentin qızları “Qız qalası” festivalında (FOTO)

L-1

Leyla Əliyeva və Arzu Əliyeva “Qız qalası” festivalının başa çatmasına həsr edilmiş mərasimdə iştirak ediblər.

XALQ.AZ -ın məlumatına görə, mayın 9-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilib.

Ənənəvi olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının geniş coğrafiyada tanıdılması məqsədilə keçirilən incəsənət festivalında 26 ölkədən 28 tanınmış rəssam iştirak edib.

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu nadir müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, qalanın təbliğində əhəmiyyətli vasitəyə çevrilir.

Təşkilatçılar bu festival vasitəsilə diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə yönəldirlər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib.

Festivalda sərgilənən işlərlə yaxından tanış olan Leyla Əliyevaya məlumat verilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın coğrafiyasını genişləndirərək mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.

Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Leyla Əliyevaya ətraflı məlumat veriblər. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Vurğulanıb ki, 2010-cu ildə başlanan, üç il ardıcıl olaraq Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalının beşincisinə bu il yenidən Bakı ev sahibliyi etmişdir. Ötən illər ərzində festivalda dünyanın müxtəlif ölkələrindən gələn 70-dən çox tanınmış rəssam iştirak edib.

Vurğulanmışdır ki, festivalın konseptual xəyal sərhədləri hər il yeni tematik komponentin əlavə edilməsi sayəsində genişlənir. Bu il Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlər təqdim edilmişdir. Üç ölçülü optik illüziyanın köməyi ilə yaranan müəyyən nəzər nöqtəsi Qız qalasının zirvəsinə qalxmaq, qədim şəhərin meydanına açılan məftunedici mənzərəni seyr etmək imkanı yaratmışdır.

Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Tədbirdə çıxış edən festivalın əlaqələndiricisi Emin Məmmədov vurğulamışdır ki, artıq beş yaşı tamam olan bu beynəlxalq layihə ilk addımdan diqqəti cəlb etmiş və qısa zamanda dünyanın ən məşhur rəssamlarını ətrafına toplayıb.

Diqqətə çatdırılıb ki, burada hazırlanan bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənir, Vətənimizi, onun tarixini və mədəniyyətini təmsil edir.

Festivalın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən misirli rəssam Mohamed Abouelnaqa ilk dəfə Bakıda olmasından məmnunluğunu ifadə edilib.

Qonaq vurğulayıb ki, mədəniyyət sərhəd tanımır və o irqindən, dinidən asılı olmayaraq, hər bir kəsi həmrəyliyə, sülhə səsləyir.

Rəssam bildirib ki, belə möhtəşəm sərgidə iştirak etməklə həm Azərbaycanı kəşf etdik, həm də özümüzə yeni dostlar qazandıq. İnanıram ki, bu festival ənənəvi olaraq keçiriləcək və hər dəfə öz yenilikləri ilə insanları heyrətləndirəcək.

Tədbirdə “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalına həsr olunmuş videomaterial nümayiş etdirilib.

Paytaxtımızın sakinləri və qonaqları festival çərçivəsində hazırlanmış bu gözəl əsərlərlə yayın sonunadək tanış ola biləcəklər.

L-2

L-3

L-4

L-5

L-1