Prezidentinin köməkçisi: “Ermənistanın indiki rəhbərliyi çirkin məqsədlərini davam etdirirlər”

Hikmət Hacıyev

Son günlər Ermənistanda hərbiləşdiriliş mülkilərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bu qərarı Ermənistanda demoqrafiya ilə əlaqədar olan kəskin və böhran vəziyyətin növbəti nümunəsi kimi qeyd edirik.

Bunu  açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, bu qərar Ermənistan silahlı qüvvələrinin öz şəxsi heyyətini komplektləşdirməsi istiqamətində üzləşdiyi ciddi çətinliklərin bilavasitə göstəricisidir ki, onlar mülki insanları müxtəlif hərbi təyinatlı dəstələrə cəlb edirlər:

“Bu eyni zamanda onu göstərir ki, Ermənistanın indiki rəhbərliyi bolşeviklərə xas olan bir formada özü üçün hərbi dəstələr yaratmağa çalışır ki, ölkədaxili məsələlərdə də bu hərbi birləşmələrdən çirkin məqsədlə istifadə etmiş olsun.

Tovuz hadisələrində də biz bir daha bunun şahidi olduq ki, Ermənsitan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantura və Azərbaycan silahlı qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar o xətti şəxsi heyyətlə komplektləşdirə bilmirdilər. Ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xəttə yerləşdirməyə çalışırdılar.

Ermənistanın siyasəti də ondan ibarətdir ki, ön xəttə bu muzdluları yerləşdirirlər, onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları gizlədirlər, çünki həmin şəxslər Ermənistan silahlı qüvvələrində qeydiyyatda deyillər. Belə təqdim etmək istəyirlər ki, guya Ermənistan silahlı qüvvələrində itkilər yoxdur. Ancaq hər kəs bunu yaxşı bilir. Elə Ermənistann ictimai-siyasi dairələrinin də, mediasının da bu suallarla Ermənistan rəhbərliyinə müraciət etmələri yaxşı olardı”.