Prezidentlərin görüşü-Fotolar -Yenilənir

Mayın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından Polşa Respublikasının prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, rəsmi ziyafətdə çıxış edən prezident İlham Əliyev Polşa Prezidentini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda bir daha salamladı.

“Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir”, – deyən dövlətimizin başçısı özünün Polşaya rəsmi səfərlərini xoş təəssüratlarla xatırladığını vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək dedi:

“Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir”.

Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirdi. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlətimizin başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayaraq bildirdi:

“Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır”.

Prezident İlham Əliyev bildirdi ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirdi.

Sonra Polşa Prezidenti Andjey Duda çıxış edərək dedi:

“Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar, əziz dostlar.

Dəvət üçün təşəkkür edirəm. Bugünkü görüşümüz ölkələrimiz və xalqlarımız arasındakı yaxşı münasibətlərin ən bariz təsdiqidir. Baxmayaraq ki, Bakı və Varşavanı 3000 kilometrdən çox məsafə ayırır, amma paytaxtınız hər bir polşalı üçün yaxın bir şəhərdir”.

Polşalı Stefan Jeromskinin “Erkən bahar” əsərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayan Polşa Prezidenti Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin “Polşa memarları” adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirdi və buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

“Əlaqələrimizin əsasında hər iki xalqı birləşdirən gözəl bir keçmiş var. İndiki zamana gəlincə isə, deyə bilərəm ki, əlaqələrin gələcəyinə əminəm. Müasir Azərbaycan Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilir”.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan Polşa Prezidenti qeyd etdi ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı platformadır. Andjey Duda bir daha əminliklə bəyan etdi ki, Polşa hər zaman ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunan suveren Azərbaycanın tərəfində olacaq.

 

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

 

Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.

Qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Şəhərin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi.

Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda, bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, o dövrkü Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar.

Həmin memarlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub.

 

Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

 

Mayın 31-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

Mayın 31-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Polşa Respublikasının bitkilərin sağlamlığı və toxumçuluq üzrə təftiş müfəttişi Andjey Xodkovski imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı naziri Kriştof Ardanovski imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzalayıblar.

 

Mayın 31-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

 

Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.