Prokurorluğun əməkdaşları Tbilisidə

10

Baş Prokurorluğun əməkdaşları Tbilisidə keçirilən “Gələcəyin informasiya texnologiyaları” adlı konfransda iştirak edib.

Tbilisidə Gürcüstanın Ədliyyə Nazirliyinin dəstəyi ilə “Gələcəyin informasiya texnologiyaları” adlı 6-cı Regional GİTİ-2013 (Gürcüstan – İnformasiya Texnologiyaları və İnnovasiya) konfransı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, tədbirdə Gürcüstanın Ədliyyə naziri, həmin ölkənin İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Ticarət Şurasının Prezidenti, Avstriyanın E-hökumət üzrə Federal İcra Katibi, “Microsoft” şirkətinin regional menejeri, Gürcüstanın Ədliyyə, Maliyyə, İqtisadiyyat və Davamlı İnkişaf, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliklərinin, həmçinin Amerika Birləşmiş Ştatları, Avstriya, Latviya, Polşa, Belorus, Ukrayna və digər ölkələrin dövlət, qeyri-dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.

30-dan artıq ölkənin 400-dən çox nümayəndəsinın qatıldığı tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin rəhbəri Murad Dadaşov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kafedra rəisi Günay Əyyubova təmsil ediblər.

Konfrans zamanı Gürcüstanda və digər ölkələrdə İKT sahəsi üzrə yaradılan imkanlar, onlardan dövlət və özəl sektor, eləcə də vətəndaşların geniş istifadəsi imkanları barədə ətraflı məlumat verilib, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kiber cinayətkarlığın qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi, seçkilərdə elektron səsvermə sistemindən istifadə olunması, cinayət işləri üzrə icraatın elektron formada aparılması, vətəndaşlara müxtəlif sosial xidmətlər göstərilməsi məqsədilə ictimai portalların yaradılması, bu sahələrdə formalaşmış təcrübə və əldə edilmiş nailiyyətlər ətrafında geniş müzakirələr aparılıb.