Proqramçıların müsabiqəsi keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə “AZCLOUD Hackathon 2019″ müsabiqəsi keçirilir.

XALQ.AZ xəbər verir ki, bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər.

“AZCLOUD Hackathon 2019″ müsabiqəsi üzrə qalib komanda 10 000 manat məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat 1 iyul tarixindən başlayıb və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.

“Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimum isə 5 nəfər olmalıdır. Müsabiqə 3mərhələdən ibarətdır. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulur.

Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat verilir. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyir və sonda komandalar öz işlərini izahlı təqdimat şəklində təqdim edir.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan, 68 700tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.