Qənirə Paşayeva da Hesablama Palatasını tənqid etdi – VİDEO

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxış edib.

XALQ.AZ-ın məlumatına görə, deputat dövlət başçısının rəhbərliyi altında koorupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb və Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb.


“Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil. Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda, bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”, – deyə Qənirə Paşayeva bildirib.

XALQ.AZ