Qənirə Paşayeva fəxri vətəndaş oldu

 

44

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Qənirə Paşayevaya Türkiyənin Bolu bölgəsinin fəxri vətəndaşı olması barədə səənəd təqdim edilib. Xalq.az-ın məlumatına görə, Bolu bələdiyyə binasında bununla əlaqədar tədbir keçirilirb. Bolu bələdiyyə başçısı Alaaddin Yılmaz tərəfindən irəli sürülən və Bolu bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən səs vermə ilə qəbul edilən qərara əsasən, Q. Paşayeva Türk dünyası üçün və Bolunun tanıdılmasındakı xidmətləri, “Marka Şehir Bolu” və I Beynəlxalq Koroğlu Festivalında, Beynəlxalq Koroğlu simpoziumlarında, Türk dövlətləri və toplumları ilə aparılan işlərdə verdiyi töhfələrinə, Azərbaycanla Bolu arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə layiq görülüb.

Təqdimat mərasimində çıxış edən A. Yılmaz Q. Paşayevanın özünü Türk dünyasındakı problemlərə həsr etdiyini deyib.

Daha sonra çıxış edən millət vəkili ona göstərilən bu etimadı yüksək qiymətləndirib, onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bolu bələdiyyə sədri Alaaddin Yılmaza, bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə və bütün bolululara təşəkkürünü bildirib. Tədbir iştirakçılarını “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının iyun ayında Bakıda keçiriləcək təqdimatına dəvət edib, “bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Bolu, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün istər siyasətçi, istər pedaqoq, istərsə də Türk dünyasına dair kitabların müəllifi kimi əlimdən gələni əsirgəməyəcəyəm”, deyərək fikirlərini yekunlaşdırıb.

 

Çıxışlardan sonra millət vəkilinə Bolunun fəxri vətəndaşlığı statusunun rəsmi sənədləri və Bolunun simvolları hədiyyə olunub. O da öz növbəsində A. Yılmaza həmmüəllifi olduğu kitabları, Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələri təqdim edib.