Qənirə Paşayeva görüş keçirib

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayeva  Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər  Cəmiyyətlərinin nümayəndələri ilə görüşüb.

“Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

Millət vəkili Q.Paşayeva hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və iki qardaş ölkəmizin şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri arasında əlaqələrin sürətlə artmasından məmnuniyyət duyduğunu dilə gətirərək onun daha da inkişafına inandığını deyib.

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələrinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib. Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələri hər zaman Azərbaycanın yanında olduqları bildiriblər və millət vəkili Q.Paşayevaya təşəkkür plaketlərini təqdim ediblər.