Qənirə Paşayeva Milli məclisdə təkliflər irəli sürüb

XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Parlamentin bugünki iclasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə payız sessiyasında müzakirəyə çıxarılmasına ciddi ehtiyac olduğunu deyib: “Sağlam ailə sağlam cəmiyyət deməkdir.

Sağlam ana sağlam gələcək deməkdir. Ona görə də ana sağlamlığı da daxil olmaqla, reproduktiv sağlamlığa xüsusi diqqət yetirilməlidir və bu istiqamətdə bütün məsələləri özündə ehtiva edən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin MM-də müzakirələrə çıxarılaraq qəbul edilməsi vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə quran gənclər arasında sonsuzluq getdikcə artır. Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır.

Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələrin layihədən çıxarılıb ve müzakirələrə gecikmədən başlamalıyıq.süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir.

Bu gün süni mayalanma əməliyyatının qiyməti baha olduğundan maddi imkanları orta və aşağı olan insanlar sonsuzluq problemi ilə üzləşdiyi zaman süni mayalanmadan yararlana bilmirlər. Qanun layihəsində isə qeyd edilib ki, bu cür ailələre bir dəfə dövlət tərəfindən pulsuz olaraq bu əməliyyatdan yararlana biləcəklər, yəni süni mayalanma əməliyyatının pulu dövlət tərəfindən ödəniləcək. Bu isə minlərlə ailəyə dəstək deməkdir. Ona görə də bu ailələr bizə müraciət edərək xahiş edirlər ki, qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin.Mən də onların müraciətlərini burda səsləndirərək parlamentimizi bu məsələni yaxın günlərdə yenidən müzakirəyə çıxarmağa çağırıram”.

“İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunla bağlı bir sıra vacib təkliflərlə çıxış edən millət vəkili Qənirə Paşayeva yüzlərlə orqan köçürülməsinə ehtiyacı olan insanların üzləşdiyi ciddi problemlərə toxunub və “bu problemlərin həlli bu qanuna ciddi elave ve değişikliklerin qısa zamanda qəbul edilib icra edilməsindən keçir” deyib. Cəmiyyətdə yüzlərlə xəstənin bu sənədinin qəbulunu gözlədiyini deyən millət vəkili Qənirə Paşayeva MM-in Səhiyyə komitəsində bu məsələ ilə bağlı millət vəkillərindən və mütəxəssislərdən ibarət işçi qrupunun yaradıldığını və bununla bağlı xüsusi müzakirələrin, dinləmələrin keçirildiyini, bu məsələ ilə bağlı müvafiq qanuna ediləcək əlavə və dəyişikliklərlə bağlı təkliflərin əks olunduğu sənədin hazır olduğunu və parlamentin müzakirəsinə çıxarıla biləcəyini deyib.

Millət vəkili Q.Paşayeva bildirib ki, həm orqan transplantasiyası sahəsində ortaya çıxan problemlərin həllini, həm də orqan köçürülməsindən sonra xəstələrə dəstək göstərilməsini nəzərdə tutan əlavə və dəyişikliklərin əks olunduğu sənədin və təkliflərin qısa zamanda MM-də müzakirələrə çıxarılaraq qəbul edilməsinə çox ciddi ehtiyac var. “İcbari tibbi sığorta haqqında” qanunun qısa zamanda ölkəmizin bütün bölgələrində geniş tətbiqinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili Q.Paşayeva hər iki məsələnin parlamentdə qısa zamanda qəbulunun vacibliyini vurğulayıb və MM-in payız sessiyasının gündəliyinə bu məsələlərin daxil edilməsini təklif edib.

 

 

Orxan