Qənirə Paşayeva Televiziyalara çağırış etdi-Video

Millət vəkili Q.Paşayeva bu gün MM-da eşitmə və danışma qabiliyyəti məhdud insanlar barədə danışıb və bir sıra önəmli təkliflərlə çıxış edib.
Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Milli Məclisin iclasında eşitmə və danışma imkanları məhdud insanlar haqqında danışıb, onların problemlərinin həlli istiqamətində öz təkliflərini bildirib: “Ötən gün online şəkildə bir qrup eşitmə və danışma qabiliyyəti olmayan və ya çox zəif olan insanların ailə üzvlərinin müraciətlərini dinlədim. Onlar müraciətlərini, onları narahat edən məsələləri Milli Məclisdə səsləndirməyimizi xahiş etdilər və problemlərinin həlli üçün Milli Məclis tərəfindən də dəstək gözlədiklərini vurğuladılar. Eşitmə və danışma qabiliyyəti olmayan və ya çox zəif olan insanların telekanalların hazırladığı informasiya proqramlarında, bir sıra vacib maarifləndirici, sosial və mədəni proqramların hazırlanmasında nəzərə alınmaması ciddi bir problem kimi qiymətləndirilir. Televiziyalar ən çox baxılan media vasitəsidir. Demək olar ki, insanların əksəriyyəti ölkə və dünya gündəmində baş verən hadisələr haqqında informasiyanı televiziya kanallarının hazırladığı xəbərlər proqramlarına baxaraq əldə edirlər. Ona görə də eşitmə və danışma qabiliyyəti olmayan insanların, xüsusilə də televiziya kanallarında yayımlanan verlişlərdə nəzərə alınması çox önəmlidir. Təbii ki, bütün verlişlərdə bunu etmək çox çətin məsələdir. Amma ən azından informasiya proqramlarında, bir sıra vacib maarifləndirici, sosial və mədəni proqramlarda surdo-tərcümədən istifadə edilməsi vacibdir. Bəzi telekanalların yayımladığı informasiya proqramlarında subtitrlardan istifadə olunur. Subtitrlar eşitmə və danışma qabiliyyəti olmayan şəxslərin xəbərləri başa düşməsinə yardımçı olur. Amma subtitrlar çox sürətlə verilir ki, onu oxuyub çatdırmaq çox vaxt mümkün olmur. Eyni zamanda subtitrları oxumaqla xəbərləri başa düşmək olmur. Çünki onlar əksər hallarda başlıq formasında təqdim olunur. Ona görə mən o insanların müraciətinin bir daha burda səsləndirərək özəlliklə dövlət büdcəsindən maliyyələşən dövlət televiziyamız AZTV-yə, dövlətin dəstəyi ilə cəmiyyətin maarifləndirilməsi missiyasını yerinə yetirən İctimai televiziya İTV-yə və digər özəl kanallara da müraciət edirəm ki, bu insanların səsini dinləyək. Onların da hüquqlarının bərpasına yardımçı olaq ki, onlar da bu informasiyaları, məlumatları geniş şəkildə ala bilsinlər və cəmiyyətə inteqrasiya etsinlər.” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə SurdoTV.Az video portalı yaradılmasını çox yüksək dəyərləndirən və bunun önəmini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva amma portalın insanlara televiziyalar qədər geniş məlumatlar çatdırma imkanına malik olmadığını bildirib. Mədəniyyət komitəsinin sədri televiziyalara çağırış edərək eşitmə və danışma imkanları məhdud insanarın müraciətlərini nəzərə alaraq proqramlarında surdo tərcümədən istifadə etməyə və onun əhatə dairəsini genişləndirməyə səsləyib. Mədəniyyət komitəsinin sədri eşitmə və danışma imkanları məhdud insanların, onların ailələrinin və millət vəkillərinin bu istiqamətdə müraciətinə televiziyaların müsbət yanaşacağına ümid etdiyini, inandığını deyib.

XALQ.AZ