Qəbələdə səyyar görüş-qəbul keçirilib

XALQ.AZ xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin əhali ilə növbəti görüş-qəbulu sentyabrın 6-da  rayonun Yengicə kəndində keçirilmişdir. Görüş qəbulda rayon prokuroru Məqsəd Orucov, rayon polis şöbəsinin rəisi Nadir Məmmədov təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Görüş iştirakçılarını salamlayan icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev  ölkə Prezdenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən quruculuq-abadlıq işlərindən, iqtisadi və sosial sahədə əldə olunan uğurlardan danışmışdır. Vurğulanmışdır ki, ölkədə gedən geniş quruculuq işlərini Qəbələnin, o cümlədən Yengicə kəndinin timsalında görmək mümkündür. Qeyd olunmuşdur ki, 2014-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə kənddə “Qafqaz Thermal Hotel” müəalicə istirahət kompleksi açılmışdır. Bu müalicə-istirahət kompleksində əhalinin bütün təbəqələrinin müalicəvi istisudan istifadə edə bilməsi üçün şərait yaradılmışdır. Bu kompleksdə daimi olaraq 70-80 nəfər, mövsümi isə 110-120 nəfər işlə təmin olunub ki, onların da əksəriyyəti yerli əhalidir. Bildirilmişdir ki, Möhtərəm Prezidentimizin sərəncamı ilə Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu müasir tələblərə cavab verən səviyyədə yenidən qurulması, ərazidə yeni müasir standartlara cavab verən məktəb binasının tikintisi, təbii qazın çəkilişi, elektrik təchizatının yenilənməsi, içməli və suvarma suyu ilə təmin olunması əraziyə göstərilən diqqətin əyani təzahürüdür. Görüş qəbulda çıxış edənlər ölkədə, rayonda və kəndlərdə görülmüş böyük quruculuq işlərinə, və son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Sonra görüş-qəbulda iştirak edən kənd sakinləri dinlənilmişdir. Vətəndaşlar tərəfindən əraziyə əlavə işıq transformatorunun qoyulması, artezian quyusunun qazılması və uşaq bağçasının tikintisi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Bundan başqa görüş iştirakçılarından bir neçəsi fərdi xarakterli (işlə təmin olunma, şəxsi evinin təmirinə köməklik göstərilməsi və s) müraciətlər etmişlər. Təklif və müraciətlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin qanunamüvafiq qaydada tədbir görülməsi üçün aidiyyatı vəzifəli şəxslərə zəruri tapşırıqlar verilmişdir.

 

 

Orxan