QƏBƏLƏDƏ V BEYNƏLXALQ MUSIQI FESTIVALI BAŞA ÇATDI

İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Xalq.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan festivalın işinə avqustun 6-da yekun vurulub.
Bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış ediblər.

Onlar Qəbələ Beynəlxalq Musiqi Festivalının xalqlar arasında dostluq və mədəniyyət əlaqələrinin inkişafında xüsusi rol oynadığını deyiblər.

Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib.

Sonra açıq havada davam edən musiqi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilib.

Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gələn turistlər tərəfindən maraqla qarşılanıb.

Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.

YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.