“Qələbə yenə də bizimdir”

“Artıq bütün hüquqi prosedurlar keçilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək. YAP da daxil, bütün siyasi partiyalar, o cümlədən özünü seçkilərdə sınamaq istəyən hər kəs Seçkilər Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır”

XALQ.AZ xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, partiya hər zaman olduğu kimi yüksək səviyyədə seçkilərə hazırıdır və iştirak edəcək: “Qalib gələcəyimizə inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusunun Heydər Əliyev, onun müəyyənləşdirdiyi siyasəti davam etdirən ölkə prezidenti və partiyanın sədri İlham Əliyevin olması və sıralarında Azərbaycanın ən tanınmış simalarının olduğu Yeni Azərbaycan Partiyasının çoxluğu və bu ideologiyanı bölüşən insanların partiyaya olan münasibətidir. Mən inanıram ki, Yeni Azərbaycan Partiyası yüksək səviyyədə bu seçkilərdə təmsil olunacaq. Qələbə yenə də bizimdir. 

Biz Yeni Azərbaycan Partiyasının qərarını gözləyirik. O qərar necə olacaqsa, həmin qərarın icrasına bütün partiyanın üzvləri qoşulacaq. Onun da müəyyən vaxtları var. O vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq. Biz çalışacağıq ki, bütün gücümüzü səfərbər edərək namizədlərimizi dəstəkləyək. Biz bütün sənədlərimizi MSK-ya vaxtında təqdim edəcəyik. 

Hesab edirəm ki, təbliğat- təşviqat kampaniyası da namizədlər üçün yetərli olacaq. Seçki təbliğatı yalnız konkret seçkilər elan olunduqdan sonrakı iki ay müddətində  və təbliğata ayrılmış müddətdə deyil, siyasi partiya fəaliyyət göstərdiyi dönəmdə bütün fəaliyyəti ilə seçkiyə hazır olmalıdır. Seçkiyə hazırlıq illərlə ölçülür. Nəticə ancaq həmin an müəyyən olunur”.

Orxan