Qənirə Paşayeva aktyorun yubileyini belə təbrik etdi – Foto

Bugün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Cəfər Namiq Kamalın 70 yaşı tamam olur. Hörmətli Xalq artistimizi Mədəniyyət Komitəsində qəbul edərək, onu öz adımdan və komitəmizin üzvləri adından təbrik etdim, yeni sənət uğurları arzuladım.


Cəfər Namiq Kamal oğlu Əhmədov (17.08.1950)


1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Mədəni–maarif fakültəsini bitirib; elə həmin ildən Gənc Tamaşaçılar Teatrında aktyor olaraq çalışan Cəfər Namiq Kamal, yaddaqalan rollarla tamaşaçıların sevimlisinə çevrilib.


Rəcəb (“Şirinbala bal yığır”, S.Qədirzadə),
Elçi (“Bir parça Vətən”, F.Sadıq),
Qasid (“Rüstəm və Zöhrab”, İ.Coşqun),
Aparıcı (“Şəhidlər”, B.Vahabzadə),


Uçitel Həsənov (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Qaçay bəy (“Qonşu qonşu olsa, kor qız ərə gedər”, R.Əfəndiyev) və b. fərqli obrazlar onun ifasında özünəməxsus populyarlıq qazanıb.


C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və bu teatrın səhnəsində də yaddaqalan obrazlar canlandırıb:


Eynşteyn (“Ah,Paris… Paris..!”, Elçin),
2-ci Tiqran (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə),
Ədhəm Tağıyev (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev),
Ədəbi işçi (“Mənim sevimli dəlim”, Elçin),
Dost (“Mənim ərim dəlidir”, Elçin),
Vəzir Mirzə Həbib (“Lənkəran xanının vəziri”, M.F.Axundov),
Xəlil (“Poçt şöbəsində xəyal”, Elçin),
Kamran Qızılsəs (“Köhnə ev”, Ə.Əmirli),
Qulaməli (“Bu dünyanın adamları”, Hidayət),
Gülməyən Adam (“Hərənin öz payı”, X.Qoca),
Şeyx Əhməd (“Ölülər”, C.Məmmədquluzadə),
Şahzadə (“Xurşidbanu Nətavan”, İ.Əfəndiyev),
General (“Generalın son əmri”, V.Səmədoğlu),
Əmirqulu (“Yaşar”, C.Cabbarlı)…
Aktyor eləcə də,
“Qız atası” (Yarik),
“Anamın kitabı” (Rüstəm),
“Duel” (Əziz),
“Yurd yeri” (Sədrəddin) tele-tamaşalarında, bir sıra filmlərdə oynayıb.


Oynadığı rollar, işlədiyi sənətkarlar və müraciət etdiyi janrlardan da göründüyü kimi, Cəfər Namiq Kamal, istedadlı, geniş dünyagörüşlü və peşəsinə ürəkdən bağlı olan sənətkardır. Bunlar hər bir sənət adamı üçün ön planda gələn keyfiyətlər, məziyyətlərdir.


Cəfər Namiq Kamalın özündən bir yaş böyük qardaşı İlham Namiq Kamal da, sevilən sənətkardır. Bir ailədən iki Xalq artistinin, iki məşhur sənətkarın – ziyalının çıxması, əlbəttə, təsadüf sayılmaz; bu, onların şəxsiyyətinin formalaşmasında, sənətə yönəlməsində ailə, məktəb mühitin oynadığı rolu da göstərməkdədir.


Tanınmış sənətkar


2002-ci ildə Əməkdar artist,


2013-cü ildə isə Xalq artisti fəxri adı ilə təltif edilib.


2014-cü və 2015-ci ildə Azərbaycan Prezidentinin Mükafatına,


2016-cı ildə Azərbaycanın Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Hörmətli sənətkarımızı yubileyi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik!


Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva