Qənirə Paşayeva Avropa Türk Birliyinin rəhbəri ilə görüşüb

 

10

Millət vəkili Qənirə Paşayeva Avropa Türk Birliyinin (ATB) rəhbəri Erol Yazıçıoğlu ilə görüşüb.

Xalq.az  xəbər verir ki, görüşdə millət vəkili Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyədən olan həmyerlilərimizin yaratdıqları diaspor təşkilatları arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Q.Paşayeva harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanının, diaspor təşkilatlarımızın Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Avropa Türk Birliyinin rəhbəri Erol Yazıçıoğlu Almaniyada fəaliyyət göstərən  Azərbaycan diaposr təşkilatları ilə əməkdaşlıq etdiklərini deyib. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Almaniyada daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib.

E.Yazıçıoğlu həmçinin, bu  istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.  Görüşün sonunda millət vəkili Q.Paşayeva ATB rəhbəri Erol Yazıçıoğluna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.