Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb – FOTOLAR

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri addım-addım gəzməyə davam edir. XALQ.AZ xəbər verir ki, o, bu gün Cəlilli kəndini ziyarət edib və seçicilərlə görüşüb. Qənirə Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində tovuzluları Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb.
Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq: “Namizədliyimi yenidən irəli sürməkdə məqsədim budur”.
“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım” – deyən Q.Paşayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da hər birimiz əlimizdən gələni etməlidir. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin sürətlənəcəyini deyib.
Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 9 fevral tarixində seçkilərində fəal olmasının vacibliyini deyən Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.
Millət vəkili həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailəsini də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.
Cəlilli seçiciləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik millət vəkili fəaliyyəti dövründə tovuzluların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyiblər: “Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz”.