Qənirə Paşayeva Milli Qəhrəmanımızın qəbrini ziyarət etdi – Fotolar

Bugün Milli Qəhrəmanımız Çingiz Mustafayevin 60-cı doğum günüdür.Ruhuna ehtiram əlaməti olaraq, Şəhidlər Xiyabanına getdik, qəbrini ziyarət edib, qəbri üstə tər güllər düzdük, ruhuna dualar oxuduq. 
Çingiz Mustafayevin ömrü gənclərimiz üçün bir örnək təşkil edir həm cəsarətli jurnalist olaraq,həm alovlu vətənpərvər olaraq. O, yeni çağırışlara cavab verən yeni nəsil Azərbaycan jurnalistikasının yaradıcılarından biri olmaqla yanaşı, bir jurnalistin öz peşə kodeksini qorumaqla necə alovlu vətənpərvər ola bilməsinin, həqiqətləri çəkməsi sanki mümkünsüzü mümkün etməsi ilə fərqli idi, özünəməxsus idi.
Şəhid Milli Qəhrəmanımızı yad edərkən, onun reportajları ilə respublikamızın o zamankı informasiya blokadasını necə yardığını, özəlliklə, Xocalı soyqırımının dəhşətlərini videoyaddaşa köçürməsi əvəzedilməz işlərdir – bir hünərdir. 
1992-ci ilin iyun ayında Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı şəhid olan jurnalistimizin videokamerası o anda belə çəkiliş aparıbsa… bu bir jurnalistin öz peşəsinə necə bağlı olduğunun fövqəladə ifadəsidir.
Ruhu şad olsun!Səni hər zaman sayğı və rəhmətlə anacağıq. Heç bir zaman unudulmayacaqsan.

XALQ.AZ