Qənirə Paşayeva Nuriyyə Əhmədovaya baş çəkdi

5
Dəyərli aktrisamız, bir neçə gün əvvəl qəza keçirmiş xalq artistimiz, çoxlu sayda maraqlı rolların ifaçısı Nuriyyə Əhmədovanın Sabunçu xəstəxanasında ziyarət etdik. “Keçmiş olsun” diləklərimizi çatdırdıq”.

Xalq.az  Lent.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. O, xalq artisti Nuriyyə Əhmədovanın səhhətinin normal olduğunu vurğulayıb: “Xəstəxananın baş həkimi Fikrət həkim və Nuriyyə xanımın müalicəsi ilə məşğul olan digər həkimlərlə də söhbət etdik. Onlar Nuriyyə xanımın tezliklə öz sağlamlığına tam qovuşması və işinə dönərək gözəl rollar yarada bilməsi üçün əllərindən gələni edirlər. Nuriyyə xanımın sağlamlıq vəziyyəti hər gün daha da yaxşılaşır. İnanırıq ki, Allahın, dəyərli həkimlərimizin və onu sevən və xəstəxanada da yanında olan yüzlərlə sevənlərinin duaları və diqqəti ilə bir neçə günə tamamilə sağalıb ayağa qalxacaq. Nuriyyə xanımın əhval-ruhiyyəsinin daha da yaxşılaşmasına çox sevindik və sənət, teatr, kino ilə bağlı maraqlı da söhbət etdik. İnşallah Nuriyyə xanımın yeni rollarla hələ mədəniyyətimizə neçə illər gözəl töhfələr verəcəyinə inanır, dəyərli sənətçimizə təkrar sağlıq və uğurlar diləyirik”.

Qeyd edək ki, xalq artisti N.Əhmədova aprelin 4-də “Əhmədli” metro stansiyasının yaxınlığında 11 nömrəli avtobusda yıxıldıqdan sonra səhhətində problemlər yaşanmışdı.