Qənirə Paşayeva onlayn konfransda çıxış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn beynəlxalq konfransda geniş məruzə ilə çıxış edib. Konfrans Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilib. XALQ.AZ xəbər verir ki, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında tarixi dostluq əlaqələrindən, inkişaf edən münasibətlərdən danışıb, Prezident İlham Əliyevin qardaş ölkəyə xüsusi diqqət yetirdiyini, münasibətlərin bütün sahələrdə genişləndiyini bildirib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını böyük hadisə adlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə bağlı videokonfransın keçirildiyini və üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Q.Paşayeva çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə, habelə onun mədəni irsinə böyük zərər vurulduğunu bildirib. O, ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Deputat dostluğumuzun əbədi olduğunu söyləyərək, mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki fəaliyyət haqqında danışıb. Konfransda həmçinin Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Gayrat Majid də geniş məruzə ilə çıxış ediblər. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, “Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev, “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, özbək tarixçisi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova da konfransda iştirak ediblər. Konfrans iştirakçıları 2 qardaş ölkə arasında mədəniyyət, humanitar sahədə həyata keçirilən tədbirlər, mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparıblar.