Qənirə Paşayeva qadınlara səsləndi: Uğura gedən yol…

Hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından tutmuş həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var.

Bu sözləri siyasi elmlər doktoru, millət vəkili Qənirə Paşayeva “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda məruzə ilə çıxış edərkən deyib. O bildirib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

Deputat çıxışı zamanı Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatda və biznesdə rolunun artırılması istiqamətində görülən işləri və bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Q.Paşayeva uğur qazanmaq istəyən qadınlarımızı ilk növbədə özünə güvənməyə, arzularına inanmağa səsləyib və bunu uğura gedən yolun açarı adlandırıb.

Ölkəmizdə bu gün qadınlara yaradılan imkanların daha da artdığını vurğulayan millət vəkili xanımlarımızı daha fəal olmağa səsləyib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.