Qənirə Paşayeva “Səssiz Dünya” İctimai Birliyinin sədri ilə görüşüb

Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və sədr müavini, blogger Mahmud Səfərovla görüşüb.

XALQ.AZ xəbər verir ki, görüş zamanı eşitmə və danışma imkanları məhdud olan şəxslərin bu sahədə olan problemləri ətraflı şəkildə müzakirə olundu. Millət vəkili Qənirə Paşayeva İctimai Birliyin məqsədlərindən olan eşitmə və danışma imkanları məhdud olan şəxslərin maariflənməsi, işarət dilinin təbliği, bölgələrdə yaşayan eşitmə məhdudiyyətli şəxslərin təhsilə cəlb olunması və idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etməklərinin təqdirə layiq addim olduğunu bildirərək bu sahədə görülən tədbirləri dəstəklədiyini və bu sahədə yaranan problemlərin həllində hər zaman İctimai Birliyə dəstək olacağını bildirdi. Görüş zamanı Səssiz Dünya İctimai Birliyinin təsisçisi Mahmud Səfərov xarici dövlətlərə dəvət alıb Azərbaycanı müxtəlif ölkələrdə təmsil edərək həmin ölkələrin dövlət qurumları tərəfindən təşəkkürnamələrlə təltif olunmasından bəhs edildi. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunmuş Beynəlxalq Karnavala dəvət almış Mahmud Səfərovun Azərbaycan Respublikasinda və BƏƏ-də eşitmə və danışma imkanlari məhdud olan insanlarla və həmin şəxsləri təmsil edən beynəlxalq qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaratmasından bəhs olundu.

Eşitmə və danışma imkanları məhdud insanlara dəstək məqsədilə yaradılan təşkilatın bu günə qədər gördüyü işlərlə tanış olan millət vəkili görülən işləri yüksək qiymətləndirdiyini bildirib və təşkilatın gələcək planları barədə ətraflı fikir mübadiləsi aparılıb. Eşitmə və danışma imkanları məhdud insanlarımızın cəmiyyətə inteqrasiyası istiqamətində işlər görülməsinin vacibliyini vurğulayan Qənirə Paşayeva ictimai birliyin sədri Aidə Səfərovaya, onun eşitmə imkanları məhdud qardaşı Mahmud Səfərova gələcək işlərində uğurlar arzulayıb.