Qənirə Paşayeva Şri-Lankada: Fəal qadınlarla görüş

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva beynəlxalq qadın konfransı çərçivəsində Şri-Lankanın rəsmiləri, təşkilat rəhbərləri və Pakistanın fəal qadınları ilə görüşüb.

XALQ.AZ  xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu vurğulanıb, qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inamı ifadə edilib.

Şri-Lankanın rəsmiləri, təşkilat rəhbərləri və Pakistanın fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Görüşlər zamanı Qənirə Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

Millət vəkili Şri-Lankanın rəsmiləri, təşkilat rəhbərləri və Pakistanın fəal qadınlarına Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da danışıb, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.

Görüşlərdə Azərbaycanın bir qrup fəal qadını – İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor, tarix elmləri doktoru İradə Hüseynova, dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova, Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova, Nigar Qələndərova iştirak ediblər.

 

 

Orxan