Qənirə Paşayeva təkliflə çıxış etdi-Video

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsini təqdim edən Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu sənədin ölkəmiz üçün vacib əhəmiyyəti barədə geniş məlumatlar verib və millət vəkili həmkarlarını səs verməyə çağırıb:
“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya dövlət başçımız cənab İlham Əliyev tərəfindən təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya 3 dekabr 1958-ci ildə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilmişdir. Konvensiya 23 noyabr 1961-ci ildə qüvvəyə minmiş artıq 47 ölkə tərəfindən ratifikasiya edilmişdir. Konvensiyanın 14-cü maddəsinə əsasən UNESKO-ya üzv dövlətlər öz milli qanunvericiliyinə uyğun olaraq bu Konvensiyanı ratifikasiya və ya qəbul edirlər. Konvensiyanın ratifikasiya etməzdən əvvəl imzalanması nəzərdə tutulmur.
Konvensiyada konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və ya mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsi nəzərdə tutulur. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər qeyd olunur. Xüsusilə olaraq qeyd etmək lazımdır ki, bu Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara və açıqlanmayan digər sənədlərə şamil edilmir.
Nəşrlərin mübadiləsi aidiyyəti orqanlar və qurumlar arasında ya birbaşa, yaxud milli mübadilə xidmətləri və ya mübadilə orqanları vasitəsilə həyata keçirilir. Dövlətlər mübadilə üçün ən əlverişli tariflər və daşınma şərtlərini təmin etmək üçün bütün zəruri tədbirlər görməlidirlər. İdxal və ixrac edilən nəşr məhsulları gömrük rüsumundan azad edilir və gömrük və digər prosedur qaylarının icrası zamanı ən əlverişli şərait yaradılır. Sənəddə həmçinin mübadilə imkanlarını artırmaq məqsədilə dövlətlərin müvafiq orqanları arasında məsləhət və informasiya verilməsi nəzərdə tutulur.
Konvensiyanın 17-ci maddəsinə əsasən hər bir dövlət Konvensiyaya qoşulma zamanı və ya qoşulduqdan sonra istənilən vaxt Konvensiyanın həmin dövlətin bütün ərasizinə şamil olunacağı və ya ərazisinin hər hansı bir hissəsinə şamil olunmayacağı barədə bəyanat verə bilər. Buna uyğun olaraq Azərbaycan Respublikası Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda Konvensiyanın müddəaları Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi və Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərimizdə Konvensiyanın həyata keçirilməsinə həmin ərazilər işğaldan tam azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verməməsi qeyd olunur.
Konvensiyanın əhəmiyyəti nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılmasından ibarətdir. Qeyd etmək olar ki, YUNESKO-nun Nizamnaməsində təşkilatın məqsədlərindən biri kimi dünya xalqları arasında fikir və
biliklərin yayılması və bu məqsədlə beynəlxalq müqavilələrin imzalanması qeyd olunur.
Qeyd edim ki, Azərbaycan Respublikası YUNESKO-nun bu günə qədər 10-dan çox konvensiyasına qoşulmuşdur. Azərbaycan YUNESKO ilə çox geniş əməkdaşlıq edir. Azərbaycanla YUNESKO arasında bir çox əməkdaşlıq sazişləri imzalanmış və mühüm layihələr həyata keçirilmişdir. Bu çox önəmli layihələr ölkəmizin birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Hörmətli Mehriban xanımın Azərbaycanla YUNESKO arasında yüksək səviyyədə əməkdaşlığın qurulmasında və həyata keçirilməsində böyük rolunu və xidmətlərini xüsusi vurğulamaq istəyirəm.
Dəyərli həmkarlarım, bütün bunları nəzərə alaraq sizi “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq olunmasına səs verməyə çağırıram.” Qeyd edək ki millət vəkilləri sənədi yüksək qiymətləndiriblər və Konvensiyanın təsdiq olunmasına səs veriblər.

Paylaş:

XALQ.AZ