Qənirə Paşayeva Tovuza 2000 maska göndərdi

Millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə ön cəbhə rayonu olan Tovuz rayonunun sakinlərinə 2000 maska göndərilib.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunun ön cəbhə kəndlərində yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, çalışması zəuri olan və icazə verilmiş sahələrdə fəaliyyət göstərən sakinlər üçün “Bakı Tekstil Fabriki” tərəfindən 1500 maska göndərilib. Tekstil Fabriki tərəfindən hədiyyə olunan bu maskalar Qovlar şəhərində və rayonun 20 kəndində yaşayan insanlarımıza paylanılıb. Qeyd edək ki, “Bakı Tekstil Fabriki” daha öncə Tovuz rayonuna 3000 maska hədiyyə etmişdi.

Millət vəkili Q.Paşayevanın çağırışına qoşularaq tanınmış modelyer Afaq İsmayılzadə də Tovuz rayonunda yaşayan pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə yardım etmək məqsədilə 500 maska hədiyyə göndərib. Afaq xanım tərəfindən hazırlanan bu maskalar aztəminatlı ailələrə, şəhid və müharibə veteranlarımızın ailələrinə paylanılıb. Qənirə Paşayeva belə çətin günlərdə millət vəkili seçildiyi Tovuz rayonu 105 saylı seçki dairəsi ilə bağlı müraciətinə həssaslıqla yanaşan tanınmış modelyer Afaq xanım İsmayılzadəyə təşəkkürünü bildirib.

Hər kəs öz imkanları daxilində dünyanı cənginə almış koronavirusla mübarizədə öz töhvəsini verməli, xalqımızın sağlamlığı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir deyən Qənirə Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə göstərdiyi yardımı yüksək qiymətləndirdiyi və bunun hər birimiz üçün bir örnək hərəkət olduğunu bildirib.Cənab Prezidentimizin də dediyi kimi #bizbirlikdəgüclüyük!