Qənirə Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşdü

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB-nin sədri Qənirə Paşayeva Bakı Yunus Əmrə İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə təşkilatçılığı “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırovanın da iştirak etdiyi görüşdə qonaqları ölkəmizdə salamlamaqdan məmnuniyyət duyduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir deyib. “İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb: “Təsəvvüf bizim tariximiz, düşüncə tərzimiz, fikrimiz, böyük mənəviyyatımızın bir parçasıdır.
Bizim gənclərimiz tariximizi, mədəniyyətimizi dərindən bilməlidirlər. Müsəlman dünyasında bir sıra cərəyanlar var. Təəssüf ki, onlar İslam dinindən istifadə edirlər. Amma əslində əməllərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ona görə gənc nəslin dinimizi daha doğru öyrənməsi çox vacibdir. ” Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar deyib.
Qənirə Paşayeva görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ziyaların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin aydınları “bir millət iki dövlət” düşüncəsi ilə hər zaman Azərbaycanın yanındayıq deyiblər.
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyi tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyətini özündə əks etdirən hədiyyələr və kitablar təqdim edilib. Türkiyə nümayəndə heyətinin üzvləri ölkəmizə səfərləri çərçivəsində millət vəkili Qənirə Paşayevanın müşayiətilə Bakının tarixi məkanlarından olan İçəri Şəhəri, Şirvanşahlar Saray Kompleksini, Seyid Yəhya Bakuvinin qəbrini və digər tarixi yerləri ziyarət ediblər, onlara bu tarixi abidələr barədə geniş məlumat verilib.

Orxan