Qənirə Paşayeva tovuzlulara çağırış etdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Tovuz Rayon İcra Hakimiyyəti, ziyalılar və bir sıra şirkətlər rayon kəndlərində pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib.

XALQ.AZ xəbər verir ki, Qənirə Paşayeva özünün feysbuk hesabında deputat seçildiyi ön cəbhə rayonu olan Tovuz kəndlərində pandemiya səbəbindən ağır vəziyyətə düşən ailələrə dəstək göstərən qurumlara təşəkkürünu bildirib:

“Çağırışımızı dəstəkləyərək bizimlə birlikdə ön cəbhə rayonu olan Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən 150-dən çox ailəyə yardım göndərən SOCAR şirkətinə, OBA marketlər şəbəkəsinə və tovuzlu iş adamı Teyyub bəyə dərin təşəkkürümü bildirirəm. Yardımlar rayon icra hakimiyyətinin nümayəndələrinin və mənim köməkçimin iştirakı ilə bir-bir ailələrə çatdırılıb. Bu ailələrə yardımla yanaşı koronavirusla mübarizə istiqamətində hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib. Bu günə qədər olduğu kimi bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda, bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, onlayn görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın, icra qurumlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq”.

Qənirə Paşayeva bir millət vəkili kimi və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq da əllərindən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışdıqlarını bildirib:

“Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun! Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizin biz birlikdə güclüyük çağrışına, Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyası təşəbbüsünü dəstəkləyərək bundan sonrada var gücümüzlə insanlarımıza dəstək üçün çalışacağıq. Allah Dövlətimizi və Millətimizi qorusun!”