Qənirə Paşayevadan məktub

qanira_h_p

Bu gün Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri cənab Zurab Tkemaladzeyə Adıgey rayonunun Çela kəndində məcsidin minarəsinin sökülməsi ilə bağlı narahat doğurucu xəbərlər və soydaşlarımız tərəfindən bu istiqamətdə bizə edilən müraciətlər əsasında Azərbaycan-Gürcüstan Dostluq qrupunu rəhbəri kimi məktub göndərdim. Məktubda vurguladım ki: “ Artıq bir neçə gündür ki kütləvi informasiya vasitələrinin səhifələrindən bütün regionun müsəlman icmasının narahatlığına səbəb olan Gürcüstanın Adıgey rayonunun Çela kəndində məcsidin minarəsinin sökülməsi ilə bağlı narahat doğurucu xəbərlər səngimək bilmir. Bu gün separatizmdən əziyyət çəkən Azərbaycan və gürcü xalqları əsrlər boyu öz tolerantlığı və dini dözümlülüyü ilə fərqlənib və həmişə başqa ölkələrin bir çox xalqları üçün nümunə olublar. Hər iki qardaş ölkənin inkişafı və siyasəti bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə xidmət edir. Buna baxmayaraq, bir neçə il ərzində adətən dini zəmində bu cür insidentlərin süni şəkildə qızışdırılması məqsədilə cəhdlər göstərilmişdir. Lakin bizim xalqların müdrikliyi bu problemləri vaxtında və effektiv şəkildə həll etməyi bacarıb. Çox inanmaq istərdik ki, bu dəfəki insident də gərginliyi artırmadan, qanunvericik çərçivəsində və ağrısız aradan qaldırılacaq. Kənar qüvvələr isə bu vəziyyətdən istifadə edə bilməyəcəklər.
Ümid edirik ki, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupu da bu məsələ ilə bağlı gərgin vəziyyətin tezliklə aradan qaldırılmasına öz təsirini göstərə biləcək. Lazım gələrsə, biz də öz növbəmizdə əlimizdən gələn bütün səyləri göstərməyə və yardım göstərməyə hazırıq”.
Ümid edirəm ki, Adıgey rayonunun Çela kəndində məcsidin minarəsinin sökülməsi da daxil olmaqla bəzi məscidlər ətrafında yaranmış gərginliklər tezliklə öz həllini tapacaq və Gürcüstanlı həmkarlarım bu məsələdə öz səylərini artıracaqlar. Çünki mən bir Dostluq Qrupu rəhbəri kimi hesab edirəm ki, bu kimi hallar nə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına, nə də gerçək mənada Gürcüstanın özünün maraqlarına xidmət etmir. İnşallah ki, qısa zamanda bu kimi hallara son qoyular.