Qənirə Paşayevanın təşəbbüsü ilə TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı payladı

Millət vəkili, professor Qənirə Paşayevanın təşəbbüsü ilə TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı göndərib.

XALQ.AZ xəbər verir ki, TİKA-nın bayram sovqatlarını Tovuz rayonuna gətirən qardaş Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk və xanımı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və millət vəkili ilə görüşüb.

Baş konsul Zeki Öztürk Tovuza səfər etməkdən razılığını dilə gətirib və “Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək, belə bir müqəddəs bayramda burada olmaqdan çox məmnunam”– deyib.

“Sizin simanızda qardaş Türkiyədəki bütün qardaş bacılarımızı təbrik edirik”– deyən Tovuz Rayon icra başçısı M. Məmmədov və Q. Paşayeva baş konsul Zeki Öztürke işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu ilə bağlı geniş məlumatlar verib.

Tovuz rayonunun qardaş Türkiyənin paytaxtı Ankaranın Keçiörən bələdiyyəsi ilə qardaşlaşmış bölgələr olduğunu vurğulayan millət vəkili Tovuzla qardaş Türkiyənin bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün geniş potensialın olduğunu deyib.

Yaxın günlərdə qardaş Türkiyə vətəndaşlarının Azərbaycana 3 aylıq vizasız gediş gəlişinin mümkün olacağını deyən millət vəkili qardaş Türkiyədən və özəlliklə Qara Dəniz bölgələrindən bölgəmizə gələn turistlərin sayının artması istiqamətində geniş potensialın olduğunu bildirib.

M. Məmmədov Tovuz rayonunun iqtisadi potensialından danışıb, investisiyaların cəlbi üçün geniş imkanlar olduğunu deyib.

“Mərhum Heydər Əliyevin vurğuladığı kimi, biz 1 millət, 2 dövlətik”– deyən Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi təxribatlardan da danışıb və “Türkiyə ilə Azərbaycan arasında, bölgələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində, birliyimizin möhkəmlənməsi üçün daha da çox çalışmalıyıq”- deyib.

“Qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişlənməsi cənab Prezidentimizin siyasətində ön yerdədir”– deyən millət vəkili Azərbaycan və Türkiyə bölgələri arasında da əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində çalışmaların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bir sıra təkliflərlə çıxış edib.

Qardaş Türkiyənin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın dərinləşməsinə verdiyi böyük önəm barədə danışan Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk prezident Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələlərə nə qədər böyük önəm verdiyini deyib.

Qardaş Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk Tovuz rayonunda da ortaq layihələrin həyata keçirilməsi istiqamətində səylərini və dəstəyini əsirgəməyəcəyini deyib.

Ramazan bayramı münasibətilə Tovuzda 150 aztəminatlı ailəni bayram sovqatı ilə sevindirən qardaş Türkiyəyə, onun TİKA təşkilatına və qardaş ölkənin Gəncədəki baş konsuluna təşəkkürünü bildirən Q. Paşayeva “bunun bizim üçün mənəvi anlamı böyükdür”– deyib.

Qardaş Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, rayon icra başçısı M.Məmmədov və Q. Paşayeva Tovuzda fəaliyyətə başlayan Asan Xidmət, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Dövlət Rəmzləri muzeyini və rayonun bir sıra yerlərini ziyarət edib, rayonda görülən işlərlə yaxından tanış olub, yaxın gələcəkdə həyata keçiriləcək bir sıra təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Sonra Q. Paşayevanım təşəbbüsü ilə TiKA-nın Tovuz rayonunda 150 aztəminatlı ailəyə Ramazan bayramı sovqatları kəndlərdə ailələrə təqdim olunub.

Ailələr Ramazan bayramı mübasibətilə təbrik ediliblər.

Eyni zamanda onlarla COVİD 19 virusundan qorunmaq üçün maarifləndirici söhbətlər də aparılıb və Q. Paşayeva tərəfindən qoruyucu maskalar da hədiyyə edilib.

XALQ.AZ