Qənirə Paşayevaya tələbələrlə videoformatda görüşdü – FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev irsini öyrənirik” mövzusunda onlayn “Ustad dərsləri” adlı layihənin budəfəki qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva olub.

XALQ.AZ xəbər verir ki, əvvəlcə iştirakçıları salamlayan filialın direktoru dosent Yusif Alıyev Qənirə Paşayevaya dəvəti qəbul etdiyinə görə təşəkkür edib, kollektivin bu görüşdən duyduğu məmnunluğu xanım millət vəkilinə çatdırıb. 

Daha sonra “Ustad dərsləri” layihəsi və həmçinin filialda həyata keçirilən, dövləti, dövlətçiliyi, Prezident İlham Əliyevin ideya və çağırışlarını dəstəkləyən digər layihələr haqqında ətraflı məlumat verib.

Bildirib ki, mövcud pandemiya şəraitində həyata keçirilən belə layihə və onlayn tədbirlərin bir əsas məqsədi var: Azərbaycanın gələcəyi olan gənclərin savadlı, vətənini, xalqını, dövlətini sevən əsl vətəndaşlar kimi yetişdirilməsi.


Millət vəkili Qənirə Paşayeva Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti, ümummilli liderin gənclərə, qadınlara, təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsi, Heydər Əliyev ideya-siyasi məktəbində azərbaycançılıq, dövlətçilik meyilləri haqqında danışıb. Ulu öndərlə birlikdə qatıldığı xarici səfərlərdən, dövlət tədbirlərindən olan xatirələri haqqında məlumat verib.

Qənirə Paşayeva filial rəhbərliyi tərəfindən irəli sürülən belə əhəmiyyətli təşəbbüslərə görə də dosent Yusif Alıyevə təşəkkür edib.

Daha sonra filialın professoru Ramazan Qafarlı və filialın tələbə, müəllimlərinin Qənirə xanıma ünvanladıqları sualları cavablandırılıb.


Millət vəkili sonda xüsusi olaraq bildirib ki, yaxın günlərdə ADPU-nun Quba filialının kollektivi ilə mütləq bir daha görüşəcək.

XALQ.AZ