Qərargah təcili toplandı: Xəstə uşaqları məktəbə göndərməyin

Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah brifinq keçirəcək.

XALQ.AZ xəbər verir ki, bu gün 17:00-da keçiriləcək brifinq zamanı koronavirusla bağlı jurnalistlərin sualları cavablandırılacaq.

Görüş Milli Hematologiya və Transfuziologiya Mərkəzində baş tutacaq.

Qeyd edək ki, NK yanında Operativ Qərargah Azərbaycanda ilk koronavirusa yoluxma faktının qeydə alındığını təsdiq edib.

***

Valideynlərdən xahiş edirik. Söhbət təkcə koronavirusdan getmir. Xəstə uşaqları dərsə göndərməsinlər.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu təkcə övladları üçün deyil, digərləri üçün də təhlükəlidir: “Bunun bütün respirator viruslara aidiyyatı var.

Əgər xəstəlik yayılarsa, məktəblərin bağlanması gözləniləndir”.

Cəlal İsayev bildirib ki, maska məsələsinin gündəmə gəlməsində medianın rolu böyükdür:

“Maskanı xəstə insan taxmalıdır. Sağlam kəslərin maskadan istifadəsi əhəmiyyət daşımır. Hər maskanın istifadə müddəti 3 saatdır”.

***

Xəstələnmənin artması gözlənilmir. Biz bunu lokollaşdırmağa çalışırıq.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib. O bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatlara inanmasınlar:

“Təəssüf ki, epidemik prosseskər planlarınızdan asılı olmayaraq həyata keçirilir. Vətəndaşlardan xahiş edirik ki, anlayışlı olsunlar. Biz nə qədər çox insanı yoxlayırıqsa, o qədər riskin qarşısını alırıq”.

Yeganə Qarayeva bildirib ki, karantinə alınanların sayı virus daşıyıcılarının olması demək deyil: “Məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Operativ qərargahın məqsədi tibbi profilaktik tədbirlərdir. Çadırlar insanların eyni yerdə toplanmasının qarşısını almaq üçün quraşdırılıb”.

***

Xəstə yüksək hərarəti olan insanlar həkimə müraciət etməlidir.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib. O bildirib ki, vətəndaşlar xəstəliyin əlamətləri olduqda, xəstəxanaya deyil, təcili yardıma müraciət etsinlər: “Şübhəli hal aşkarlandıqda, xəstə karantinə alınacaq”.

***

1542 koronavirus qaynar xətti 24 saat ərzində fəaliyyət göstərir. Vətəndaşlar şübhəli hal olduqda qaynar xəttə bildirsinlər.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib: “Sosial şəbəkələrdə Ağdaş vətəndaşının koronavirus nəticəsində ürək getməsi ilə bağlı məlumatlar yayılıb. Xəstə virus daşıyıcısı deyil. Ağdaş vətəndaşıdır, İrandan gəlib. Gözündə konnektit aşkarlanıb. Koronavirus təhlükəsi yoxdur”.

Rəvanə Əliyeva qeyd edib ki, sərhəd keçid məntəqəsində hər vətəndaşı saxlamaq mümkün deyil: “Əgər onlarda xəstəlik əlaməti yoxdursa, biz onlara məlumat verici vərəqlər veririk. Bu şəxslər 14 gün ərzində evlərində karantin vəziyyətində qalmalıdırlar. Əgər hər hansı xəstəlik əlaməti aşkarlanarsa, şəhər daxilində 103, regionlarda 113 çağrı mərkəzlərinə bildirsinlər”.