Qalmaqallı iş adamı Salyanı 5 kəndini torpaqsız qoyub

 

43

 

Hacı Qurban Abbasov yüzlərlə hektar ərazini ələ keçirib, kürəkəni isə boruları satdığı üçün həbs olunub

Bu yaxınlarda adı mətbuatda oğluna toy edərkən 25 ədəd «Gallenvagen» markalı maşından istifadə etməsi ilə hallanan məşhur salyanlı iş adamı Hacı Qurbanla bağlı yeni qalmaqallı iddialar ortaya çıxıb. JAM.AZ-a müraciət edən Salyanın Qarabağlı kəndinin bir qrup sakini üzləşdikləri problemlərlə yanaşı, iş adamının özbaşınalıqlarından da şikayətçi düşüblər.

Onlarla şirkəti olan biznesmen

Hacı Qurban Abbasovla bağlı müraciət edən kənd sakinləri deyirlər ki, bu şəxsin xeyli sayda şirkətləri var. Onlardan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat MMC” və “A+B OİL Servis”-i göstərən sakinlər qeyd edirlər ki, bu şirkətlərin illik dövriyyəsi 30-50 milyon manat həcmindədir. Amma buna baxmayaraq, iş adamının vergidən yayındığı iddia edilir.
Əslində, burada qeyri-adi nəsə axtarmaq lazım deyil. Çünki bir iş adamının hətta yüzlərlə şirkəti və ya zavodu ola bilər. Amma məsələ odur ki, tanınmış iş adamının adı vergi qaçaqçılığında hallanır və bu da ümumilikdə, qanunda cinayət tərkibi daşıyan hərəkət kimi qiymətləndirilir.

İşçilərin sayı niyə gizlədilir?

Qarabağlı kəndinin sakinləri deyir ki, adları çəkilən və çəkilməyən şirkətlərdə üst-üstə 800 nəfər insan çalışdığı halda, rəsmi sənədlərdə onların sayı 100-150 nəfər göstərilir. Belə bir addımın atılmasının səbəbi isə kənd camaatı tərəfindən izah edilə bilmir.
Lakin JAM.AZ bununla bağlı qısa bir arayışı oxucularına təqdim edir ki, məsələ aydınlaşın. Bildirək ki, işçilərin sayının az göstərilməsi bilavasitə vergidən yayınma ilə bağlıdır. Çünki onların sayının azlığı ümumi dövriyyənin gizlədilməsi üçün optimal variantlardan biri hesab olunur. Üstəlik, belə addımın atılması digər işləyənləri də təsir altında saxlamağa xidmət edir. Yəni, 100-150 işçidən başqa digərləri ilə əmək müqaviləsi bağlanılmır ki, bu da onların istənilən halda işdən çıxarılmasına imkan yaradır. Əgər bir işçi narazılıq edərsə, yekunda işdən çıxarıldığı halda məhkəməyə belə müraciət etmək imkanı olmur.

5 kəndin torpağı «işğal» olunub

Həmin müraciətdə vurğulanır ki, Qurban Məmmədov təkcə bununla kifayətlənməyib, 5-dən çox kəndin torpaqlarına da göz dikib. Onlar qeyd edirlər ki, Salyan rayonunun Qarabağlı kəndindəki 90 hektar, Kərimbəyli kəndindəki 60 hektar, Təzəkənd kəndindəki 120 hektar, əhali tərəfindən 5-ci şöbə adlanan ərazidə 250 hektar, Qırxçıraq kəndində isə 120 hektar, ümumilikdə 550 hektar kənd əhalininin örüş-otlaq sahələri iş adamı tərəfindən zəbt olunub.

Bildirilir ki, bu ərazilərin hamısı verilən rüşvətlər hesabına özəlləşdirilib. Amma nəticədə, 5-dən artıq kəndin sakinləri örüşsüz qalıblar. Qurban Abbasov isə həmin torpaq sahələrində özünə əkin sahiləri ilə yanaşı, balıqçılıq üçün göllər yaradıb ki, bu da bir çox torpaq sahələrinin sıradan çıxmasına səbəb olub. Bu azmış kimi, görülən işlər nəticəsində 120 hektar bəndarası torpaq sahəsi şoranlaşmağa başlayıb. Son daşqınlardan sonra Kür çayının qarşısında tikilmiq bənddə də çatlar əmələ gəlməyə başlayıb.

Qalmaqallı iş adamının daha nələri var?

Qabil Abbasovun var-dövləti bununla da bitmir. Onların ümumi siyahısı uzun olsa da, bəzilərinin adlarını qeyd edirik:
1. Salyan rayonu Qarabağlı kəndındə əvvəllər Neft şirkətinə məxsus sahəsi 5000 m2 olan qeyri-qanuni özəlləşdirilmiş tikili.
2. Qarabağlı kəndində əvvəllər pambıq qəbulu məntəqəsi olmuş 5 ha qaraj kimi istifadə olunan ərazi.
3. Qarabağlı kəndində əvvəllər kolxoza məxsus kənd təsərrüfatı məhsulları anbarı olmuş sahəsi 6000 m2-dən çox olan tikili və sonradan qeyri-qanuni inşa olunmuş tikililər.
4. Qarabağlı kəndində çörək zavodu.
5. Qarabağlı kəndində ticarət mərkəzi.
6. Şirvan şəhərində ümumilikdə sahəsi 6-ha artıq ola Qarasu neft şirkətinin yaxınlığında qaraj və tikililər.
7. Salyan rayon mərkəzində mərkəzi bazar.
8. Salyan rayon mərkəzində beton zavodu.
9. Qaradağ rayon beton zavodu.
10. Lənkəran rayonunda istirahət kompleksi.
11. Biləsuvar rayonunda beton zavodu və s.
Qeyd edək ki, bu obyektlərin hamısı ayrı-ayrı şəxslərin adına sənədləşdirilib.

Hacı Qurbanın kürəkəni niyə həbs olunub?

Maraqlı məqamlardan biri odur ki, Hacı Qurbanın ən yaxın qohumlarından biri bu ilin aprelində həbs olunub. JAM.AZ-a müraciət edən şəxslər bununla bağlı bildiriblər ki, Qarabağlı kəndinin icra nümayəndəsi olan İlham Muradovun həbsi onun 530 mm-lik boruları çıxararaq, satması olub. Kənd sakinləri iddia edir ki, bu şəxsin 4 oğlu müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınıblar. Bir oğlu isə narkotik maddələrin alveri ilə məşğul olduğuna görə həbs olunub.