Qarabağ və ətraf rayonların azad olunması günü yaxınlaşır

 

44

İnanıram ki, erməni separatçılarının cəbhə bölgəsindəki təxribatı cavabsız qalmayacaq.

Layiq olduqları cavabı alacaqlar.

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili Adil Əliyev cəbhədə baş verən son hadisələrlə bağlı öz Facebook səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, görünür, ermənilər Azərbaycanın son illər müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlara qısqandıqlarından təxribata əl atıblar.

“Axı Ermənistan inkişafa acdır, əhalisi günbəgün azalır, iqtisadiyyatı dağılır, Rusiyanın köməyi olmadan bir gün də tab gətirməzlər. Ona görə də yeganə “çarə” kimi bölgədə gərginliyi artırmaqda görürlər. Əvvəlcə soydaşlarımızı Kəlbəcərdə girov götürərək onlara işgəncə verdilər, indi də hərbçilərimizi hədəf aldılar. Ağdamı və bütövlükdə Azərbaycanı təmsil edən “Qarabağ” futbol komandasının qələbələri, Avropada tanınması da erməniləri hövsələdən çıxarmamış deyil”.

A.Əliyevə görə, digər tərəfdən ermənilərin uzun illər sadiq tərəfdarı Vladimir Jirinovskinin qəfil Azərbaycanı tərifləməsi, o cümlədən rusiyalı rəsmilərin Azərbaycana artan səfərləri, iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi ermənilərin “Birdən Rusiya Ermənistanı Azərbaycana qurban verər və Dağlıq Qarabağ əldən gedər” kimi xofun içində olduğunu göstərir.

“Bu xofdan qurtulmağın yeganə yolunu isə təxribata əl atmaqda görürlər. Ermənilər savaş istəyirlərsə, alacaqlar həmin savaşı. Onlar bu təxribatları ilə əslində Qarabağ və ətraf rayonların azad olunması gününü yaxınlaşdırırlar. Çünki bizim savaşa onlardan çox ehtiyacımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq!”, millət vəkili vurğulayıb.