Qaz sayğacı çox yazırsa – Ekspert

Qaz sayğacınızda 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012-ci illər yazılıbsa, artıq o sayğac sərfiyyatı çox hesablayır. Qaz idarəsindən həmin sayğacın dəyişdirilməsini tələb edin.

XALQ.AZ xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, hər qaz sayğacının içində onun istehsal ili yazılır. Abonentlərin həmin ilə diqqət etməsi özləri üçün vacibdir:

“Sayğacın içində onun istehsal ili qurguşun plombun üzərində göstərilir. Məsələn, sayğacın içində 2012 yazılıbsa, deməli, sayğac 2018-ci ilin mart ayında dövlət yoxlamasına göndərilməlidir. Göndərilməyəcəyi təqdirdə qaz sərfiyyatınızı çox yazacaq və sonra siz cərimələnə bilərsiz”.

M.Qəhrəmanlı bildirib ki, elektron sayğaclar hər 3 ildən bir paylayıcı tərəfindən pulsuz dövlət yoxlamasına göndərilməlidir:

“Mexaniki sayğaclar isə hər 5 ildən bir paylayıcı tərəfindən dövlət yoxlamasına göndərilməlidir. Ancaq bunu vətəndaş özü etməməlidir. Əgər sayğacın üzərindəki vaxta əsasən müddət bitibsə, paylayıcınıza bu barədə məlumat verin ki, sayğacınızı dövlət yoxlamasına göndərsin. Bu ona görə vacibdir ki, sayğacdakı fəsadlar zamanında bilinsin. Fəsadlar aradan qaldırılandan sonra da vətəndaş hər hansısa problemə görə cərimələnməsin”.

 

Elgün