Qeyri qanuni təbliğat pislənməlidir

14

 

Vüqar Rəhimzadə: “Xarici radiostansiyaların qeyri-qanuni təbliğata yol vermələri qətiyyətlə pislənilməlidir”

 

SİA-nın suallarını Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə cavablandırır

  • “Azadlıq radiosu TV”, “Amerikanın səsi” və BBC radiostansiyalarının “Milli Şura”nın namizədi Cəmil Həsənlinin təbliğatını aparmaqla Azərbaycanın Seçki Məcəlləsini açıq şəkildə pozmaqla hörmətsizlik etmirlər ki?

  • Öncə bir məsələyə, adları çəkilən radiostansiyaların hansı ölkəyə məxsus olduğuna diqqət yetirmək gərəkdir. Demokratiyanın beşiyi kimi dəyərləndirilən bir ölkənin – ABŞ-ın demokratiyanın tələblərinə riayət etməməsi, eyni zamanda bu prinsiplərin kobud şəkildə pozulmasına laqeyd yanaşması diqqətdən kənarda qala bilməz. Bu və ya digər ölkələrə demokratiya dərsi keçib, özləri bu anlayışın mahiyyətinin fərqində olmayan dövlətlər sözsüz ki, bu kimi addımları ilə özlərinin mövqelərini şübhə altına alır, inamsızlığın yaranmasına səbəb olurlar. Çox təəssüflər olsun ki, bəzən demokratiyaya dəstək adı altında ölkənin daxili işlərinə müdaxilə halları da baş verir ki, bu da beynəlxalq hüquq normalarına, demokratiyanın tələblərinə ziddir. Bu fonda hər zaman önə çəkilən bir həqiqəti də qeyd etmək istərdik ki, bu gün dünyada iqtisadi və maliyyə böhranı ilə yanaşı, beynəlxalq hüquq problemi də yaşanır. Azərbaycan dövləti hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, demokratiyanın tələblərinə hörmətlə yanaşır, onların inkişafı istiqamətində səylər göstərir. Təbii ki, bu səylər müstəqil Azərbaycanın demokratik prinsipləri həyata keçirilən siyasətin önündə saxlamasından irəli gəlir. Bu gün doğrudan da böyük əminliklə qeyd edirik ki, ölkəmizin keçdiyi yol, demokratiya təcrübəsi digər ölkələrə nümunədir.

Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsidir. Seçkiləri hər bir ölkənin mütərəqqi inkişafının, sabit vətəndaş cəmiyyətinin əsası kimi dəyərləndirən cənab İlham Əliyevin seçki sisteminin təkmilləşdirilməsinə xidmət edən sərəncamları, 2003-cü ilin mayında Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində qəbul olunan Seçki Məcəlləsi və otən dövr ərzində sənədin təkmilləşdirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan dövləti seçkilərin demokratikliyini təmin etmək üçün xarici müşahidəçilərin qısa və uzunmuddətli missiyaların tərkibində hazırlıq, eyni zamanda səsvermə prosesini izləmələrinə yaratdığı şərait də atılan addımlar sırasındadır.

Bu gün bəzi xarici KİV-lərin ölkəmizdə keçirilən prezident seçkilərində təşviqat xarakterli qərəzli materiallar verməsi ətrafında müzakirələrin aparılması, Mərkəzi Seçki Komissiyası yanında fəaliyyət göstərən Mətbuat Qrupunun bəyanatla çıxış etməsi təbii ki, səbəbsiz deyil. ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq” və “Amerikanın səsi” radiolarının açıq şəkildə Seçki Məcəlləsinin və demokratiyanın tələblərini pozaraq prezidentliyə namizədlərdən birinin – “Milli Şura”nın “vahid namizəd”i Cəmil Həsənlinin təbliğat-təşviqatında fəal iştirak etməsi narazılıq doğurmaya bilməz. Təbii ki, burada məqsəd açıq şəkildə özünü büruzə verir. Seçki Məcəlləsində bu maddə öz əksini tapıb ki, xarici dövlətlər və xarici hüquqi şəxslər namizədlərə hər hansı formada maddi, mənəvi yardım edə bilməzlər. Mərkəzi Seçki Komissiyası yanında fəaliyyət göstərən Mətbuat Qrupunun bəyanatında da bu reallıq öz əksini tapır ki, bəzi xarici KİV-lər seçki qanunvericiliyinin tələblərinə məhəl qoymadan, bir çox halda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks-təbliğat aparır ki, bununla da siyasi maraqların təmsilçisi statusunda çıxış etməklə, seçicilərin obyektiv, ədalətli məlumat almaq hüququnu pozur, ölkənin daxili siyasətinə, qanunlarına müdaxilə etmiş olurlar. “Azadlıq” və “Amerikanın səsi” radiolarının bu istiqamətdə fəaliyyəti diqqətdən kənarda qalmır. Onların bu “xidmətləri”nin arxasında qaranlıq məqamların gizləndiyi inkaredilməzdir. “Azadlıq” radiosunun internet səhifəsində bu radionun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyinin və təbliğat aparmamaq öhdəliyinin qeyd olunması söylənilənlərin təsdiqidir. “Azadlıq radiosu TV”, “Amerikanın səsi” və BBC radiostansiyalarının qeyri-etik və qeyri-qanuni təbliğata yol vermələri demokratiyanın şərtlərinin pozulmasıdır və belə hallar qətiyyətlə pislənilməlidir.