QHT Əməkdaşlıq Alyansı nəticələri elan etdi

 

10

QHT Əməkdaşlıq Alyansı prezident seçkiləri ilə bağlı monitorinqin yekun nəticələrini elan etmişdir

Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansı prezidentliyə namizədlərin və siyasi partiyaların reytinqləri ilə əlaqədar keçirilmiş monitorinqlərin yekun nəticələrinin açıqlanmasına və ölkədəki seçkiqabağı ictimai- siyasi vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirmişdir.
AzərTAc xəbər verir ki, Alyansın həmsədri Rufiz Qonaqov məlumat vermişdir ki, prezident seçkisinin monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşmışdır. Bu mərhələdə 5 regionda monitorinqlər aparılmışdır. Ümumilikdə isə 11 regionda 78 rayon əhatə edilmiş, monitorinqə ümumilikdə 19 min 500 respondent cəlb olunmuşdur.
Əsas məqsəd əhalinin seçki hazırlığının müşahidə edilməsi, partiyaların və namizədlərin reytinqinin müəyyənləşdirilməsi, respondentlərin hansı partiyaya və namizədə inandığının monitorinqinin aparılması olmuşdur.
“Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86,46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildirmişdir. 6,54 faizi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,5 faizi Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2,4 faizi Qüdrət Həsənquliyevə, 0,70 faizi Sərdar Cəlaloğluna, 0,44 faizi Zahid Oruca, 0,43 faizi İlyas İsmayılova, 0,53 faizi isə digər namizədlərə inandıqlarını vurğulamışlar.
“Bu gün seçkilər keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 min 500 nəfərin 86,46 faizi, yəni 16 min 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab vermişdir. Onlardan 6,54 faizi, yəni 1276 nəfəri Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2,5 faizi, yəni 487,5 nəfəri İqbal Ağazadəyə, 2,4 faizi, yəni 467,75 nəfəri Qüdrət Həsənquliyevə, 2,1 faizi, yəni 408,75 nəfəri isə “digər namizədlərə səs verərdim” – deyə cavablandırmışdır.
Alyansın həmsədri Rəfail Becanov bildirmişdir ki, monitorinqdə namizədlərin reytinqi ilə yanaşı, siyasi partiyaların da yekun reytinqləri öyrənilmişdir. Siyasi partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin mövcudluğu, müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını azad ifadə etməsinin nümunəsi sayan 91 faiz respondentin fikrincə, bu ölkəmizin demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda olmasının təzahürüdür.
R.Becanov məlumat vermişdir ki, monitorinqin nəticələrinə görə, partiyaların reytinqində birincilik Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 min 860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu qeyd etmişdir. Respondentlərin 13,54 faizi digər partiyaların fəaliyyətini yüksək qiymətləndirmişdir. Belə ki, bu sırada 2,87 faizlə AXCP, 2,82 faizlə Müsavat, 1,62 faizlə KXCP, 1,43 faizlə ALP, 1,36 faizlə Ümid və 1,18 faizlə BAXCP qərarlaşmışlar. Monitorinqin və sorğunun nəticələrindən aydın olur ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elektorata malikdir.
Alyansın həmsədri Yadigar Məmmədli isə ölkədəki seçki mühiti ilə bağlı çıxış edərək vurğulamışdır ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmamışdır.
İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi, seçki təşviqatı prosesi də hər hansı problem müşahidə edilmədən keçmişdir. Namizədlərə seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılmışdır. Pulsuz təşviqat kampaniyasının aparılmasına, ictimai televiziyada (İTV) və radioda, o cümlədən rəsmi dövlət qəzetləri olan “Azərbaycan” qəzetində və “Xalq qəzeti”ndə ödənişsiz təşviqat üçün imkan yaradılmışdır. Namizədlərə təşviqat üçün yaradılan şərait ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Kampaniya dövründə prezidentliyə namizədlər hər həftə 3 saat İTV-nin, 3 saat isə radionun imkanlarından istifadə edərək, seçicilərə öz fikir və platformalarını çatdıra bilmişlər. Açıq havada seçicilərlə görüş keçirmək üçün də imkanlar yaradılmışdır. İstər Bakıda, istərsə regionlarda namizədlər həm açıq havada, həm də qapalı zallarda seçicilərlə müxtəlif formatlı görüşlər keçirmişlər. Keçirilən mitinq və görüşlərdə hər hansı insident və hüquq mühafizə orqanlarının müdaxiləsi halları müşahidə edilməmişdir. Bu da onu göstərir ki, seçki təşviqatı seçki qanunvericiliyinə uyğun olaraq reallaşmışdır.
Sonra layihəınin icraçı təşkilatlarının rəhbərləri və ekspertlər çıxış edərək layihənin ikinci mərhələsinin ayrı-ayrı regionlar üzrə nəticələrini elan etmişlər