Qorxmaz Hüseynovdan daha bir şikayət: 500 ailə susuzdur

Vaxtilə böyük messenant Hacı Zeynalabdin Tağıyev Bakıya Şollar suyunun çəkilməsi üçün böyük əmək sərf etmişdi. İstər cibinin pulunu, istərsə də Çar hökumətini bu layihəyə razı salmaq üçün ictimai nüfuzunu əsirgəməmişdi. Hələ XIX əsrdən su problemi ilə üzləşən Bakının bu çətinliyi 100 il öncə Hacı Zeynalabdin Tağıyev kimi bu xalqın müdrik övladlarının, 100 illər sonra isə bu xalqın liderinin köməyi ilə həll olunmuş hesab oluna bilər. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi Oğuz-Qələbə-Bakı su kəməri paytaxtın əksər hissəsinə içməli suyun verilməsini təmin edib.

Bununla yanaşı, vətəndaşların içməli su ilə təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə hər il dövlət büdcəsindən dotasiyalar ayrılır. Bu gün ölkədə su infrastukturu inkişaf edib və bunun əsas müəllifi Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevdir.

Ancaq Bakı kəndlərində bəzən içməli su problemi çörək qədər vacib məsələyə çevrilir. Misal üçün, hazırda davam edən karantin dövründə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” adlanan ərazidə təqribən 500-ə yaxın ailənin susuz qalması isə indiki halda daha acınacaqlı vəziyyət yaradıb.

Birincisi, yayın bu isti günlərində susuzluq ən dəhşətli problemdir.

İkincisi də koronavirus pandemiyasının tüğyan etdiyi günlərdə təmiz içməli su sağlamlıq üçün ən vacib nemət sayılır.

Amma bu ərazidə sakinlər əlacsızlıqdan quyu suyundan istifadə edirlər. Bu da içməyə yararlı olmadığı üçün insanların sağlamlığına ciddi təhlükələr yaradır.

Yazıya Hacı Zeynalabdin Tağıyevin təmiz su uğrunda əziyyət çəkməsi və Prezident İlham Əliyevin vətəndaşların içməli su ilə təmin edilməsi istiqamətində gördüyü işləri xatırlatmağımız heç də təsadüfi deyildi. Sakinlərin içməli suya həsrət qaldğı həmin ərazidə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və qardaşının, yəhudi əsilli oliqarx Qod Nisanovun,  “Nobel Oil Group” şirkətinin sahibi Nəsib Həsənovun və digər məşhur və vəzifəli şəxslərin milyonluq villaları da yerləşir. Amma bu məşhur və vəzifəli şəxslərin sakinlərin çəkdiyi əziyyətdən xəbərləri belə yoxdur. Çünki kifayət qədər imkanları olan bu adamlar kənar ərazilərdən şollar suyu gətizdirməklə, öz villalarında bahalı su filtirləri quraşdırmaqla içməli suya olan təlabatlarını tam ödəyirlər.

Bəs, digər sakinlər nə etsin? Onların keçmiş nazir-oliqarxlar və milyonçular qədər imkanları olmadığı üçün əlacız vəziyyətdə qalıblar.

Hazırda isti hava şəraiti və pandemiyaya görə tətbiq olunan karantinə görə əksər insanlar rahatlığı üçün bağ evlərinə köçürlər. Ancaq içməli su problemi onların rahatlığını zəhər etməklə yanaşı, həm də böyük fəlakətlərə yol aça bilər.

Vaxtilə Hacı Zeynalabdin Tağıyevin bu millətin içməli su problemini həll etmək üçün çəkdiyi əziyyətlər indi ondan heç də kasıb olmayan nazir-oliqarxarlar və digər imkanlı şəxslərin laqeydliyi fonunda yada düşməyə bilməz. Heç kim onlardan Tağıyev olmağı tələb etmir. Amma qonşuların susuz qaldığı vaxt öz villasında şollar suyunu nəinki içmək, hətta çimmək üçün də istifadə edənlərin əməli Kərbəladə Yezdin etdiklərindən çoxmu fərqlənir?

Bu sualın ünvanı olanlar cavabını da özləri verməlidirlər. Axı Hacı Zeynalabdin Tağıyevin etdiyinin mində birini etməklə bu keçmiş nazirlər, oliqarxlar həm savab qazanar, həm ərazidəki sakinlərin sevincinə səbəb olar, həm də sakinlərin bircə içməli suya görə dövlətdən narazı qalmasının qarşısını ala bilərlər. Axı bu varlı-hallı şəxslər bu ölkədə məhz dövlətin yaratdığı şəraitdən istifadə edərək pul qazanıblar. Hətta, onlardan bəziləri dövlətin pulunu da oğurlayıblar. İndi bircə adi suyu çoxmu görürlər?!

Prezident İlham Əliyev respublikada su infrastrukturunun qurulması və inkişafı, vətəndaşların içməli su ilə təmin edilməsi üçün kifayət qədər iş görüb və hər il dövlət büdcəsindən “Azərsu”ya ayrılan dotasiyalar da bu məqsədlərə xidmət edir. Lakin bu işin icraçısı olan Qorxmaz Hüseynov və müvafiq səlahiyyətli orqanların səhlənkarlığı Prezident İlham Əliyevin vətəndaşa xidmət siyasətinə tamamilə ziddir.

Dövlət başçısı hər dəfə çıxışında bildirir ki, vətəndaşları ciddi narahat edən problemləri həll etmək məmurların vəzifə borcudur. Amma hələ də bəzi məmurlar nə bu çıxışlardan, nə də vətəndaşa xidmət etməyənlərin cəzalandırılmasından örnək götürməyiblər. Uzun illərdir bir qəsəbənin içməli su probleminin həlledilməməsi bunun bariz nümunəsidir.

“Mayak” adlanan ərazinin sakinləri artıq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşırlar. Çünki onlar nicatı yalnız ölkə rəhbərliyində görürlər. Bundan sonrasını vətəndaşı susuz qoyanlar düşünməlidir.

Məşhur misalda deyildiyi kimi, “Su hər şeyi təmizləyər, amma üz qarasından başqa”. Görəsən, səlahiyyətli şəxslər üz qarasını nəylə təmizləyəcək, ümumiyyətlə təzmizləyə biləcəklərmi?