Qubada polis olmaq istəyənlərlə görüş keçiriləcək

Ramil

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən iyunun 28-də Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polisdə xidmətə qəbulla əlaqədar keçiriləcək qəbul Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri üçün nəzərdə tutulub.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

  • boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;

  • düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

  • yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

  • “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.