Qubada qazdan istifadə edəcək abonentlərin sayı 27 252 nəfərə çatacaq

“Azəriqaz” İstehsalat Birliyi bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində işləri davam etdirir.

2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 44-nə təbii qaz verilib, beşində hazırda qazlaşma işləri davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Bu il qazlaşdırma planına daxil olan bölgələrdən biri də Qubanın yaşayış məntəqələridir.

“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev “Report”a bildirib ki, bu il Quba rayonunun 12 yaşayış məntəqəsində qazlaşdırma işləri aparılıb.

Onun sözlərinə görə, qazlaşdırma işlərinə mart, aprel və may aylarından başlanılıb: “Artıq 8 yaşayış məntəqəsində qazlaşdırma işləri yekunlaşıb, digər məntəqələrdə son tamamlama işləri aparılır”.

Çəkiliş aparılan rayon mərkəzindən 46 km məsafədə, dağlıq ərazidə yerləşən Qonaqkənd qəsəbəsi və Quba şəhərinə bitişik Dəvədabanı yaşayış massivi qazlaşdırma aparılan ərazilərdəndir. Qonaqkənd qəsəbəsində işlər yekunlaşıb, Dəvədabanı yaşayış massivində son tamamlama işləri aparılır. Artıq bu ilin sonunadək qazlaşdırılma işləri yekunlaşacaq. Qonaqkənd qəsəbəsində 304 abonent, Dəvədabanı yaşayış massivində 705 abonent qazla təmin ediləcək.

Qazlaşdırma işləri aparılan kəndlər sırasında həmçinin, Hacıhüseynli, Çaydüzü, Gənclər, Əliməmmədoba, Küpçalqışaq, Kunxırt, Atuc, Xırt, Təngəaltı və Afurca kəndləri də var.

Bütün yaşayış məntəqələrinin qazlaşdırılması zamanı daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri polietilen (daşıyıcı) və müxtəlif diametrli metal borulardan istifadə olunub.

Həmçinin, abonentlərin mənzillərinin daxilində də qaz xətlərinin çəkilişi aparılıb.

Beləliklə, Quba rayonu üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 62, təbii qazdan istifadə edəcək abonentlərin sayı 27 252 nəfər olacaq.

Növbəti mərhələlərdə digər yaşayış məntəqələrin qazlaşdırılması işlərinin görüləcək işlər planına daxil ediləcək.

Orxan