Qubada qolf turniri başa çatdı

Qolf

Azərbaycanda ilk dəfə dünya səviyyəli qolf ustalarının iştirakı ilə keçirilən “Challenge Tour” turniri başa çatıb.

XALQ.AZ-ın məlumatına görə, avqustun 3-də Quba Milli Qolf Klubunda dörd gün davam edən turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib ki, yarışda “European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 tanınmış idmançı – qolf ustası birincilik uğrunda mübarizə aparıb.

O deyib ki, ölkəmizdə artıq qolf üzrə sayca ikinci yarış keçirildi. Əsas məqsədlərdən biri 2016-cı ildə Rio de Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirakını təmin etmək və ölkəmizi beynəlxalq qolf aləminə tanıtmaqdır. Gələcəkdə ölkəmizdə qolf üzrə daha mühüm və əhəmiyyətli tədbirlər keçiriləcək.

Bildirilib ki, yarışda birinci yeri almaniyalı qolf ustası Morits Lampert tutub. İkinci yeri fransalı idmançı Maykl Lorenso, üçüncü və dördüncü yerləri isə müvafiq olaraq ingiltərəli Endrü Conson və Stiven Braun qazanıblar.

“European Challenge Tour”un direktoru Alen de Sultre Azərbaycanın “Challenge Tour”-un keçirildiyi 45-ci ölkə olduğunu vurğulayıb. O, qeyd edib ki, 2 ildir fəaliyyət göstərən Azərbaycan Qolf Federasiyası qısa müddətdə böyük işlər görüb. Azərbaycanda idmanın qolf növünün inkişafı üçün böyük potensial mövcuddur.

Sonra turnirin qaliblərinə kubok və xüsusi mükafatlar təqdim olunub.

Turnirin qalibi Morits Lampert bu möhtəşəm yarışın keçirilməsinə görə təşkilatçılara, o cümlədən Azərbaycan Qolf Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.