Qumar azarkeşi olan məmur oğlu

 

62

 

Ağsu rayon Maliyyə İdarəsində cərəyan edən özbaşınalıqlar bitib-tükənmək bilmir. Bu barədə rayondakı mənbələrdən redaksiyamıza məlumat daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, idarə müdiri Vaqif Hüseynov şəxsi maraqlarının təmin olunmasından ötrü dövlətin qanunlarını pozur və bu da rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanır. «Maliyyə İdarəsinin rəhbəri İsmayıllı rayonunda fəaliyyət göstərdiyi vaxtlarda da bir sıra qanunsuz işlər həyata keçirib. Rayonun yerli idarə və təşkilatlarının rəhbərləri, habelə özəl müəssisələrin rəsmiləri onun yersiz yoxlamalarından usanmışdılar.

Ağsunun keçmiş maliyyə rəisi Radim Müslümov idi. Hamının bildiyi kimi, o, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qardaşıdır. Nazir qardaşının əməllərindən vətəndaşların və yerli idarə müdirlərinin boğaza yığıldığını görərək onun İsmayıllıya eyni posta təyinatına nail oldu. Radim Müslümovun yerinə gətirilən Vaqif müəllim isə heç də ondan geri qalmayaraq ciddi qanunsuzluqlara imza atır. Məndə olan məlumata görə, məmur Radim Müslümovla obyektlərini dəyişib. Yəni sabiq müdirin Ağsudakı bütün obyektləri Vaqif Hüseynovun sərəncamına keçib. Öz növbəsində Vaqif müəllim də İsmayıllıdakı ticarət obyektlərini ona verib». Mənbə vurğulayır ki, Ağsu rayon Maliyyə İdarəsinin, konkret olaraq Vaqif Hüseynovun adı yerli-yersiz köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların üzərinə faiz qoyuluşu, öz məqsədi naminə pul köçürmələri, pulun kağız üzərində nəğdləşdirilməsi və digər əməliyyatlarda adı hallanır: «Məmur bu vəzifəyə az müddətdir təyin olunmasına baxmayaraq, artıq maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Hazırda Ağsuda barmaqla sayılası bir neçə imkanlı şəxs varsa, onlardan biri də maliyyənin müdiridir. İcra başçısı Ənvər Seyidəliyevlə münasibətləri çox yaxşıdır.

Başçı bəzi problemli işlərdə ona güzəştə gedir. Maliyyə idarəsinin rəhbəri bunun əvəzində dövlət büdcəsindən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin xərclənməsinə nəzarət etmir. Ümumiyyətlə, icra hakiminin yaxın adamları tərəfindən idarə olunan və dövlət hesabına maliyyələşən qurumlarda yoxlama aparılmır. İdarə müdiri aylıq planı xırda və dayağı olmayan idarələrin hesabına ödəyir.

Rayonun acınacaqlı vəziyyətə düşməsində bu insanın günahı böyükdür. Ağsunun maliyyə sistemi yaman durumdadır, rayona ayrılan büdcə vəsaitləri talanır». İnformasiyalı şəxsin dediyinə görə, dövlət tərəfindən ağsulu fermerlərə ayrılan subsidiyalar da bəzi vəzifəli şəxslər, daha dəqiq desək, maliyyə idarəsinin məsul işçiləri tərəfindən mənimsənilir: «Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkilən hər bir hektar taxıla görə 40 manat subsidiya ayırıb. Hər il gec də olsa, subsidiyalar verilirdi. Bu il Maliyyə Nazirliyi həmin kompensasiyaları köçürüb. Ancaq subsidiyalar yoxa çıxıb. Vaqif Hüseynovun həyata keçirdiyi qanundankənar işlər rayona baha başa gəlir.

Bəzi idarələrin müdirləri onun haqqında Maliyyə Nazirliyinin nümayəndələrinə şikayət etsələr də, nəticəsi yoxdur. Çünki idarə müdirinin özünün də dediyi kimi, himayədarı nazirlikdə şöbə müdiri vəzifəsində çalışan şəxslərdən biridir.

Şöbə müdirinin adını bilmirəm. Amma hər kimdirsə məmur onun çətiri altına sığınaraq dəhşətli əməllər törədir». Özəl qaynaqlardan aldığımız məlumatlarda isə deyilir ki, atasının vəzifədə oturmasına arxayın olan bir gənc vaxtının böyük hissəsini qumar oynamaqla keçirir. Görəsən, göy rəngli «Niva» sürən oğlan kimin övladıdır və onun qumar stollarında uduzduğu pulların mənbəyi hardandır? Vaqif Hüseynov birdən elə bilər ki, onun oğlunu nəzərdə tuturuq. Biz demirik ki, qumarda yüz minlər uduzan cavan Vaqif müəllimin övladıdır. Qoy bunu aidiyyəti dövlət orqanları araşdırsınlar.

Maliyyə naziri Samir Şərifova üzümüzü tutub demək istəyirik ki, idarə müdiri qol qoyduğu qanunsuz işlərin çoxunda onun adını hallandırır və yığdıqlarını Bakıya göndərdiyini söyləyir. Hörmətli Samir müəllim, araşdırın görək, axı bu nə məsələdir. Kimlər üçünsə dövlətin əmlakı, vəsaiti önəmli olmaya bilər. Amma siz nazir postunda təmsil olunursunuz və vəzifəyə qoyduğunz kadrların işi ilə maraqlanmaq borcunuzdur. Onu da bildirək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Ağsu Maliyyə İdarəsində mövcud olan neqativ hallarla bağlı artıq məlumatlıdırlar. Çox güman ki, yaxın günlərdə idarənin rəsmiləri qeyd olunan qurumda araşdırmalara başlayacaqlar.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.